четверг, 1 марта 2012 г.

Neftçala rayonu..

İqtisadi rayon: Aran iqtisadi rayonu Ərazi: 1451,70 km² Əhali: 80390 nəfər Əhali sıxlığı: 55 nəfər/km² Yaranma tarixi: 11 fevral 1940 Nəqliyyat vas. kodu: 47 Telefon kodu: 153 Poçt kodu (Mərkəzi PŞ): AZ 4700 İcra başçısı: İsmayıl Vəliyev Neftçala rayonu Azərbaycan SSR-da inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun
tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 4 ildən sonra 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası olmuşdur. Belə bir qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilmiş və Neftçala yenidən Salyan rayonunun tərkibinə daxil olmuşdur. 7 ildən sonra 1973-cü ilin aprelin 27-də yenidən müstəqil rayon olmuşdur. Neftçala rayonu Muğan-Salyan kadastr rayonuna daxildi. Rayonda 18 inzibati ərazi nümayəndəliyi ilə bərabər, 27 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. İri yaşayış məntəqələri - Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləridir. 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Yerli Media - Rayonda 1973-cü ildən çıxan «Oktyabr bayrağı» qəzeti 11 oktyabr 1990-cı ildən «Gündoğar» qəzeti kimi fəaliyyət göstərir. Tarixi Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib. Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır[8]. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır. Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi. Xaraba şəhər Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş. Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir. Coğrafiyası və iqlimi Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü,qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyəəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır. Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir. Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25-36°S-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır. Təbiəti Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir .Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir. Əhali Rayon əhalisinin sayı 80390 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır İqtisadiyyat Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir. Hazırda rayonda 8134 fermer təsərrüfatı fəaliyyət göstərir.. 2000-2009-cu illər arasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə azalma müşahidə olunsa da, bir çox əsas bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur. 2009-cu ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 23 müəssisə fəaliyyət göstərir. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 87.8 faizi təşkil edir. Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı, qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəye müəssisəsi fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən "Azər-Yod" MMC, xam pambığın istehsalı üzrə fəaliyyət göstərən "Leqno-Neftçala" MMC, kərpic istehsal edən "Xəzər" MMC, balıq ovu ilə məşğul olan "Neftçala Balıq" ASC, sərnişin və yük daşıma fəaliyyəti ilə "Neftçala-Avtonəqliyyat" ASC, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan "Oriyat-balıq" ASC fəaliyyət göstərir. Rayonun ərazisində neftlə yanaşı, qaz, yod, brom, müalicəvi əhəmiyyətli yodlu-bromlu sular, xörək duzu kimi faydalı qazıntılar mövcuddur. Balıqçılıq və balıq artırılması XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə "Boji promısel" (rus. Божий Промысел, azərb. Allah mədəni) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi vardı. Tacirlər burda duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə hərəkət edən gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundas tərəfindən 10 il müddətinə icarəyə götürülmüşdü[ . Burda qulluqçular üçün tikilmiş binalar, xəstəxana, balıqçılıq ləvazimatları satılan mağaza və s. dən ibarət olan şəhərcik var idi. 1826-27 ci illərdə İrandan edilən basqınlar zamanı vətəgə dağıdıldı və Sobra Maqundas bu işdən əl çəkdi. Ötən əsrin ilk onilliyinin ortalarında vətəgədə dəhşətli yanğın baş verdi və nəticədə bütün vətəgələr öz inzibati idarə, yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürüldü. "Boji promısel" 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verdi. Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti "Boji Promıselin" tənəzzülündən sonra başlayır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Bankə vətəgələrini icarəyə götürmüşdü. Böyük Vətən müharibəsindən əvvəl və sonra rayonda 4 balıqçılıq kolxozu olub: Kürkosada "Volna", Prorvada Kalinin, Z.O. Qoltuqda "Stalin", N.O.Qoltuqda "Beriya" adına kolxozları. Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.. Azərbaycanda ümumilikdə 4 nərə balıq artırma zavodu var. Onlardan 3-ü Neftçalada, biri isə Şirvan şəhərində yerləşir. Rayonda əsasən nərə cinsli balıqlarının artırılması ilə məşğul olan 3 zavod – Xıllı nərə balıqartırma zavodu, Kür ağzı nərəbalıq yetışdirmə zavodu və Kür təcrübə Nərə balıqartırma zavodu fəaliyyət göstərir. Təkcə 2008-ci iin birinci yarımilində bu zavodlar tərəfindən 12 milyon ədəd nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır Xıllı Nərə Balıqartırma zavodu Zavodda ümumilikdə dörd sex fəaliyyət göstərir. Bunlar inkubasiya sexi, dairəvi hovuzlar, süni və canlı yem tədarük etmə və bir də elektro sexlərdir. Zavodda bir il ərzində 15 milyon ədəd balıq körpəsi ərsəyə gətirilir. Zavodda hazırda dörd nərə cinsli balıq yetişdirilir. Bunlar "Bölgə", "Şip", "Uzunburun" və "Nərə" növləridir. Zavodda 150-200 qramdan başlamış 10 kiloqrama qədər çəkisi olan balıq yetişdirilir. Balıqlar Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda yetişdirilir. 2003-cü ildə fəaliyyətə başlayan zavoddan ilk dəfə 2004-cü ildə dənizə balıq buraxılıb. Altı il ərzində Xəzər dənizinə 41 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb. Onlardan bir 1 milyon 500 min ədədi 2010-cu ilin payına düşür. Zavodun əsas tərəfdaşları "Caspian Fish" və "Xəzərbalıq" MMC balıqovlama şirkətləridir Rayonda Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası üçün "Seymur Qəzənfəroğlu Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu" (Bankə qəsəbəsi) və "C. Cavadov adına Nərə Balıqartırma Zavodu" (2-ci mayak qəsəbəsi) fəaliyyət göstərir. CITES-ın (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət - "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur Yod-Brom Zavodu 1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də "1 May" adına Yod zavodu əvvəllər 26 Bakı Komissarı adına qəsəbədə - indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950-1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu ölkəmizdə və xarici bazarda uğur qazanmışdır "Dizayn Glass" şüşə emalı zavodu «Dizayn Glass» MMC - şüşə emalı zavodu «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək Digər müəssisələr Neftçala Balıq Kombinatı ASC Hacı Zeynalabdin Tağıyev adına balıq kombinatı hərraca çıxarılaraq Caspian Fish Co. şirkətinə satılməşdır. Bundan sonra müəssisənin adı Neftçala Balıq olaraq adlandırılmışdır. Xəzərbalıq MMC Neftçala-Pambıq ASC Neftçala balıq-əmtəə Təhsil XX əsrin əvvəllərində insanların maariflənməsi uğrunda mühüm işlər görülmüşdür. Keçmiş inzibati-ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünürdü. Bu qəzalardan biri də Salyan (Cavad) qəzası idi. Salyan qəzasına daxil olan 6 nahiyənin içərisində yalnız Xıllı nahiyəsində (indiki Neftçala rayonu ərazisində) 1898-ci ildə 2 sinifli ibtidai rus-tatar məktəbi açılmışdır. Burada dərslər rus dilində aparilirdı. Həftədə 1 dəfə azərbaycan dilində şəriət dərsləri keçirilirdi. Bu məktəbdə 40-45 nəfər oxuyurdu. Məktəbdə ilk dərslik "Gülüstan" kitabı olmuşdur. 1916-cı ildə xalqdan toplanan pullar hesabına Xıllıda birmərtəbəli dövlət binası tikildi və köhnə məktəb buraya köçdü. Məktəbdə milliyəti rus olmaqla 2 müəllim işləyirdi. 1917/18-ci tədris ilindən başlayaraq, məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başladı. Xıllı məktəbinin direktoru Qori müəllimlər seminariyasını bitirmiş Axundov Əbülhəsən olmuşdu. Axundov Mirzə Əbülhəsən və oğlu Qulam Axundov Muğanda ilk tarix elmləri namizədi olmuşlar. Rayonda ikinci açılan 1912-ci ildə cəmi 8 otaqdan ibarət ikimərtəbəli məktəb Novo-Vasilyevka kəndində olmuşdur. Məktəbin birinci mərtəbəsi sinif otaqları, ikinci mərtəbəsi isə yaşayış otaqları olmuşdur. 1912-22-ci illərdə məktəb ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdi. Yalnız 1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilir. 1916-ci ildə Z.O.Qoltuq beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib. 1926-27-ci ildə Xıllıda kiçik aqronom ixtisası verən 3 illik orta məktəb (kəndli-gənclər məktəbi) açdılar. Belə məktəb həmin illərdə respublikada iki yerdə açılmışdı. İkinci məktəb Göyçayda idi. Bu məktəbə qonşu Saatlı, Sabirabad və s. rayonlardan da uşaqlar göndərirdilər. Məktəb pansionat tipli idi. Bu məktəb 1930-cu ilə kimi fəaliyyət göstərmişdir. 1940-cı ilin fevralın 11-də Neftçala rayon kimi yaranandan sonra Xalq maarif şöbəsi yaradılmış və onun inzibati binası Bankə qəsəbəsində yerləşmişdir. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib. Bəziləri isə əsaslı təmir olunmuşdur. Son 6 ildə Neftçalada 4 yeni məktəb, Mayak-1, Mayak-2, Kür Qarabucaq, Xanqışlağı kəndlərində yeni məktəb binaları, 4 saylı məktəbdə 4 əlavə sinif otağı, Yenikənd Körpələr evi-uşaq bağçası tikilmişdir. Rayonda 53 ümumtəhsil məktəbi, 15 məktəbəqədər tərbiyə müəssisəsi, peşə məktəbi, 67 kitabxana, şahmat məktəbi, musiqi məktəbi var. Neftçalada təhsil rəqəmlərlə: Orta ümumtəhsil məktəbləri - 28 Əsas ümumtəhsil məktəbləri - 15 İnternat məktəbləri - 1 İbtidai ümumtəhsil məktəbləri - 8 Peşə məktəbləri - 1 Məktəbdənkənar müəssisə - 5 Məktəbəqədər tərbiyə müəssisəsi - 15 Rayon üzrə sinif komplektlərinin sayı - 773 Şagirdlərin sayı - 13127 Kitabxanalar - 67 Mədəniyyət və səhiyyə müəssisələri Rayonda 750 yerlik şəhər Mədəniyyət sarayı, Tarix-Diyarşünaslıq muzeyi, Bankə qəsəbəsində XIX əsrə məxsus balıq kombinatının inzibati binası yerləşir. Rayonda 35 klub, tarix-diyarşünaslıq muzeyi, dövlət rəsm qalereyası, musiqi məktəbi, mərkəzi xəstəxana, kənd və qəsəbə xəstəxanaları, tarixi-memarlıq abidələri, çoxlu sayda məscid var. Rayonda ümumi 670 çarpayılıq 7 xəstəxana fəaliyyət göstərir. Neftçala Rayon Səhiyyəsinin tərkibində 345 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, digər qəsəbə və kəndlərində kiçik həcmli xəstəxana, həkim Ambulatoriyası və Feldşer Mama Məntəqələri fəaliyyət göstərir. Rayon üzrə orta tibb işçilərinin ümumi sayı 466 nəfərdir.

Balakən rayonu..

İqtisadi rayon: Şəki-Zaqatala Ərazi: 920 km² Əhali: 87365 nəfər Əhali sıxlığı: 92 nəfər/km² Nəqliyyat vas. kodu: 08 Telefon kodu: 119 Poçt kodu (Mərkəzi PŞ): AZ 0800 Yaşayış məntəqələrinin sayı: 58 İcra başçısı: Asif Məmmədov Tarixi Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi
məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir. Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar. XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur. Balakən Çar Rusiyası dövründə 1783-cü ildə bağlanmış Georgiyevsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi. 1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general P. D. Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: "Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır". Lakin bu bölgənin - Car-Balakənin tabeçiliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir. XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur. Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar. Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə - kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar. XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur. Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərakatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən I Dünya Müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır. Balakən SSRİ dövründə 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlalının elan olunması xəbəri Balakənə yetişəndə əhali bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşılayır. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Belə bir çətin vəziyyətdə doğulduğu torpağın təşəbbüsünü çəkən öz dövrünün qabaqcıl və ziyalı adamları pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar
Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Demokratik Respublikasının yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. II Dünya Müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı dövlətin orden və medalları ilə təltif edildi. Müharibədən sonrakı bərpa illərində balakənlilərin əmək cəbhəsində qazandığı uğurlar da böyük olmuşdur. Maraqlı faktdır ki, Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Keçən əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi. Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur. Balakən müasir dövrdə Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər. Coğrafi mövqeyi Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir. Təbiəti Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir. Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır. Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır. İqlimi Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur. Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur. Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir. Əhalisi Balakən rayonunun 57 yaşayış məntəqəsində 83,7 min əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır. 1999-cu ilin 27 yanvar-4 fevral tarixləri arasında Azərbaycanda aparılmış siyahıya almanın yekunlarına əsasən Balakən rayonunun 83,732 nəfər əhalisinin 67,68%-ni azərbaycanlılar , 29,16%-ni Qafqaz avarları, 2,07%-ni gürcülər (ingiloylar), 0,28%-ni ruslar, 0,26%-ni ləzgilər, 0,05%-ni məshəti türkləri, 0,05%-ni tatarlar, 0,04%-ni ukraynalılar, 0,4%-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Ümumiyyətlə rayonda 27 xalqın nümayəndəsi yaşayır .Rayonda yaşayan 83,732 nəfər əhalinin 10598 nəfəri (11,9%) şəhər, 77744 nəfəri(88,1%) isə kənd əhalisidir. Rayon əhalisinin 42581 nəfərini (48,2%) kişilər, 45761 nəfərini (51,8%) qadınlar təşkil edir. Əhalinin sıxlığı: km2-ə 94,39 nəfər düşür. Əhalinin ümumi sayda 34,3 %-i 0-14 yaşda, 56,7 %-i 15-64 yaşda, 9 %-i isə 65 və yuxarı yaşdan olanlardır. Doğulanların sayı 498, ölənlərin sayı 346, təbii artım 152. Qarabağ müharibəsi əlillərinin sayı 94, şəhid ailələrinin sayı 151, məcburi köçkünlərin sayı 265, qaçqınların sayı 138 nəfərdir. Görkəmli şəxsləri Dibir Ramazanov Əli Ansuxski Əhməd bəy Dibirov — çar ordusunun polkovniki. Danel bəy Qallacov Həsənağa bəy Katexli Bəşir bəy Qallacov Akif Məmmədli Füzuli Hüseynov Osman Gündüz Hacı Heydərov Həqiqət Hacıyeva İsa Zeynal oğlu Hüseynov Laləzar Mustafayeva Mustafa Mustafayev Münəvvər Kantayeva Qeybulla Qeybullayev Qurban Əhmədov Rəbiyyət Aslanova Rüfət Əhmədzadə Telman Adıgözəlov Tofiq Baharov Yaqub Mahmudov Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir. Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir. Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur. 2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir. Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var. Uşaq Yaradıcılıq Mərkəzi Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Təbiəti mühafizə", "Toxuculuq", "Evdarlıq", "Musiqi sevərlər", "Dilçilik", "Kağız əl işləri", "Dərzi", "Biçmə-tikmə" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir. Uşaq Texniki Yaradıcılıq Mərkəzi Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Radio texnika", "Radiotexniki konstruktivləşdirmə", "İnformatika və EHM", "Əyləncəli fizika", "Gənc dizayner", "Texniki estetika", "İbtidai texniki modelləşdirmə", "Gənc konstruktor", "Avtomodel", "Tikişin texnologiyası", "Kinomexanika", "Radiorabitə", "Kartinq", "Foto", "Radiomexanika", "Elektrotexnika", "Kimya texnologiya") 945 məktəbli cəlb olunmuşdur. Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər.