воскресенье, 20 января 2013 г.

20 Yanvar faciəsi



























Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

"20 yanvar" ABŞ-da anılıb

Azərbaycanın Vaşinqton şəhərindəki səfirliyində mərasim təşkil olunub
20 yanvar qurbanlarının xatirəsini anmaq üçün Azərbaycanın Vaşinqton şəhərindəki səfirliyində mərasim təşkil olunub. 

Mərasim iştirakçıları 1990-cu ilin soyuq yanvar günlərində Bakı və eləcə də ölkəmizin müxtəlif bölgələrində azadlıq və müstəqillik naminə mübarizlik nümayiş etdirmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 23 il öncə cərəyan etmiş tarixi hadisələrə nəzər salaraq, Sovet imperiyasının süqutunu surətləndirmiş qara yanvar faciəsinin milli-mənəvi dirçəlişimiz baxımından daşıdığı əhəmiyyətdən danışıb və həmin günlərdə yaşadığı hissləri bölüşüb.

20 JANUARY 1990-20 Yanvar 1990


Menim Ag Seherim-Azerbaycan Filmi


вторник, 15 января 2013 г.

Yol Ehvalati-Azerbaycan Filmi


Qaraca Qiz-Azerbaycan Filmi


O,Olmasin Bu Olsun-Azerbaycan Filmi


Arsin Mal Alan-Azerbaycan Filmi


Bext Uzuyu-Azerbaycan Filmi


Beyin Ogurlanmasi-Azerbaycan Filmi


Tehmine ve Zaur Azerbaycan Filmi


воскресенье, 6 января 2013 г.

Turistlər üçün məlumat


COĞRAFİ MÖVQEYİ VƏ ƏHALİSİ
Azərbaycan Ön Asiyada, Zaqafqaziyanın şərq hissəsində yerləşir. Gürcüstan, Ermənistan, İran, Türkiyə və Rusiya Respublikaları  ilə həmsərhəddir, onun ümumi ərazisi 86.600 kv. km, əhalisi 9 milyona yaxındır.

İQLİM
Ölkə mülayim və subtropik qurşaqların qovşağında yerləşdiyinə  görə iqlim şəraiti də müxtəlifdir. Yanvarda orta aylıq temperatur +3-dən -6 C dərəcəyədək dəyişir və iyul-avqust aylarında +30-35 dərəcəyə çatır.  İllik günəş saatları 2900-a qədərdir. Yağıntıların miqdarı azdır.

GEYİM
May ayından sentyabrın axırınadək sahilyanı regionların əhalisi yüngül yay paltarı, qışda isə istiləşdirilmiş plaş və gödəkcə geyirlər.

DİL
Dövlət dili Azərbaycan dilidir, bundan başqa əhalinin əksəriyyəti rus dilində sərbəst danışır, bir çoxları türk, fars, gürcü və digər dilləri başa düşür və danışır. Otellərdə, barlarda və şirkət ofislərində ingilis dili yayılıb.

FOTO-ŞƏKİL
Adi turizm fotoşəkilləri çəkməyə icazə verilir (metropoliten istisna olmaqla), lakin tanımadığınız adamların foto-şəklini çəkməzdən əvvəl hörmət xatirinə icazə almaq lazımdır.

SPİRTLİ  İÇKİLƏR
Bütün restoran və barlarda spirtli içkilər təklif olunur. Bundan başqa, arzu edənlər onları məhdudiyyətsiz şəkildə çoxlu sayda marketlərdən əldə edə bilərlər.

İŞ SAATLARI
Bir qayda olaraq, şənbə və bazar günləri istirahət günləri hesab olunur (əsasən dövlət müəssisələri üçün), lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü saat 8-9 başlayır, ticarət obyektləri saat 21-23-də, restoran və barlar daha gec bağlanır.

VALYUTA Milli valyuta - manat (AZN). 1$ USA=0.81 AZN (məlumat: fevral 2009.). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişdirirlər.  Banklar adətən səhər saat 10-dan axşam saat 17-18-dək işləyir.

TİCARƏT SÖVDƏLƏŞMƏLƏRİ
Bazar və yarmarkalarda qiymət endirmək bir qaydadır.  Satıcılar əksər vaxtlarda güzəştə gedirlər.

KOMMUNİKASİYALAR
Telefon rabitəsi problemsiz həyata keçirilir. Otellərdə birbaşa beynəlxalq kod rabitəsi, həmçinin əlavə əlaqə vasitələr: fakslar, telekslər, kompüterlər, internet və s.  vardır.  İnternet xidmətlər həmçinin çoxsaylı fərdi agentliklər tərəfindən də göstərilir. İctimai telefonlardan istifadə etmək üçün jetonlar metrolarda və qəzet köşklərində satılır.

İNFORMASİYA VASİTƏLƏRİ
Azərbaycan qəzet və jurnallarından  başqa satışda ingilis və rus dillərində çıxan dövri mətbuat var və onlar arasında  rus nəşrlərinin sayı az deyil.

ELEKTRİK
Enerji xəttində gərginlik   220/240 V 50 hs.

SU
Su kəmərindən gələn su içmək üçün təhlükəsizdir, lakin otel və restoranlarda əsasən şüşələrdə bulaq suyundan və ya qaynadılmış sudan istifadə edilir.

TİBBİ XİDMƏT
Təcili tibbi yardım adətən pulsuzdur. Fərdi tibbi klinikalar və xidmətlər də fəaliyyət göstərir, onların həkimləri xarici dillərdə danışa bilirlər. Əksəriyyəti fasiləsiz işləyən apteklərdə böyük çeşiddə dərmanlar satılır.

NƏQLİYYAT
İctimai nəqliyyat Bakmetropoliten və çoxsaylı marşrut avtobusları tərəfindən təmin olunur.  Günün istənilən vaxtı fərdi taksilərdən istifadə etmək olar, onlar sizi Azərbaycanda lazım olan nöqtəyə çatdıracaqlar. Qiyməti qabaqcadan danışmaq tövsiyə olunur.

MİLLİ BAYRAMLAR
Yeni il - 1-2 yanvar
Beynəlxalq qadınlar günü - 8 mart
Novruz Bayramı - 20-24 mart
Qələbə Günü - 9 may
Respublika Günü - 28 may
Milli Qurtuluş Günü - 15 iyun
Milli Ordu Günü - 26 iyun
Konstitusiya Günü - 12 noyabr
Milli Dirçəliş Günü -  17 noyabr
Dünya Azərbaycanlılarının həmrəyliyi günü - 31 dekabr

DİNİ BAYRAMLAR
Ramazan Bayramı
Qurban Bayramı

BANKLAR VƏ VALYUTA MÜBADİLƏSİ
Mal və xidmətə görə ödəniş zamanı, bir qayda olaraq,  dollar və digər valyuta  qəbul olunmur. Buna görə ölkəyə daxil olarkən nağdsız hesablaşmalar üçün milli valyutada əskinazlar – Azərbaycan manatı yanınızda olmalıdır, nağdsız hesablaşmalar zamanı isə konvertasiya aparılacaq. Valyutanı nəzərdə tutduğunuz xərclərə uyğun və küçədə deyil, yalnız  bankların valyuta mübadiləsi məntəqələrində və ya bankların özündə dəyişdirmək tövsiyə olunur. Banklarda və valyuta dəyişmə məntəqələrində məzənnə arasındakı fərq cüzidir.
Bakıda banklar  9.00-9.30-dan 17.30-dək (bəzi banklar gecəyə kimi, bir çox mübadilə məntəqəsi isə fasiləsiz fəaliyyət göstərir), əyalətlərdə isə,bir qayda olaraq, 9.30-dan 17.00-17.30-dək işləyir (bəzi banklar yalnız nahar fasiləsinə qədər müştərilərə xidmət göstərirlər).
Pulları banklarda, mehmanxanalarda və çoxsaylı valyuta mübadiləsi məntəqələrində dəyişdirmək olar (paytaxtda və digər iri şəhərlərdə, həmçinin hava limanlarında addımbaşı rast gəlinir). Bəzi mağazaların özlərinin mübadilə məntəqələri var.
Kredit kartları əsasən paytaxtın  iri supermarketlərində, bəzi otel və banklarda qəbul olunur. Kredit kartlarından əyalətdə istifadə demək olar ki, mümkün deyil. Turist çekləri məhdud şəkildə yalnız iri mehmanxana və banklarda qəbul olunur, amma onlarla xidmət göstərən müəssisələrin sayı get-gedə artır.

TƏHLÜKƏSİZLİK
Yerli polislər asayiş pozucularına qarşı sərtdirlər (bəzən həddən artıq). Ancaq bir çox hallarda mübahisəli məsələləri qanunu pozmadan həll etmək olur. Yanınızda hər zaman pasportun olması tövsiyə olunur,  bu, polislə münasibətləri xeyli dərəcədə asanlaşdırır.

ERMƏNİSTAN  VƏ DAĞLIQ QARABAĞLA BAĞLI MƏSƏLƏLƏR 
Azərbaycan hökuməti Ermənistan tərəfindən idarə olunan Dağlıq Qarabağa səfərləri cinayət əməli hesab edir. Əgər turist Ermənistanda olubsa və onun pasportunda bu ölkənin qeydləri varsa, əksər hallarda onu səlahiyyətli orqanlarla söhbət gözləyir və ondan Ermənistanda hansı səbəbdən olması,   Qarabağa səfər edib-etməməsi barədə izahat tələb olunacaq.  Bu məsələyə ciddi yanaşmaq lazımdır, çünki sizin Qarabağda olduğunuz  məlum olsa, Azərbaycan polisi sizi tuta və bir müddət həbsdə saxlaya bilər. Rusiya turistləri ilə bu cür hallar baş verib.

ÇAY PULU
Əksər restoranlarda çay pulu hesabın məbləğinin 5-10% təşkil edir, əgər bu barədə menyuda qeyd yoxdursa məbləğə 10% artırmaq olar (bunu qabaqcadan etsəniz xidmət daha tez göstərilər). Hava limanında və ya oteldə yükdaşıyana yükün sayından asılı olaraq 5-10 manat vermək olar.  Taksidə çay pulu nəzərdə tutulmur, gediş haqqını qabaqcadan razılaşdırmaq tövsiyə olunur (taksi sürücüləri adətən valyutanı qəbul etmirlər).

İNTERNET
İnternet də çox sürətlə inkişaf edir. AdaNetAzerinAzEuroTel,  Bakinternet və digər provayderlər bütöv internet-kafe şəbəkəsinin işini təmin edirlər. Hal-hazırda ölkədə artıq 30 internet provayderi fəaliyyət göstərir. Xidmət haqqı hələ də yüksəkdir, amma azalmağa meyillidir (yerdən asılı olaraq bir saatı 0,4-1 avroya yaxın). çoxlu sayda İnternet kafelər təkcə Bakıda deyil, Azərbaycanın bütün iri şəhər və qəsəbələrində fəaliyyət göstərir. Bu kafelər daha çox gənclər arasında populyardır, orada onlar kompüter oyunları oynayırlar, buna görə ora çox səs-küylü və tüstülü ola bilər.

MOBİL RABİTƏ
GSM 900 standartlı mobil rabitə bütün ölkədə  son dərəcə sürətlə inkişaf edir. Azərbaycanda üç mobil operatoru xidmət göstərir - Azercell,Bakcell və Azerfon. Rouminq bütün dünya üzrə fəaliyyət göstərən 300-ə  yaxın operatorun abunəçiləri üçün açıqdır. Ölkənin demək olar ki, bütün ərazisi mobil rabitə ilə əhatə olunub (işğal olunmuş ərazilərdən savayı).  Şəhər telefon aparatından mobil nömrəyə zəng vurmaq üçün (0)50 və (0) 51{Azercell, GSM-kod 40001, yeddi rəqəmli nömrə}, (0)55 (Bakcell, GSM-kod 40002, yeddi rəqəmli nömrə),  (0) 70 və  (0) 77 (Azerfon, yeddi rəqəmli nömrə) yığılır.
3G xidmətləri təkcə Bakı metropoliteninin bütün stansiyalarında deyil, eyni zamanda tunellərdə də fəaliyyət göstərir. 3G şəbəkəsini Azərbaycanda üç operatordan bu xidmətə ilk lisenziya almış Nar Mobile (Azerfonun əmtəə nişanı) 2009-cu ilin dekabr ayından tətbiq etməyə başlayıb. Lakin Azercell mobil operatoru artıq may ayından  LTE texnologiyasının bazasında 4G şəbəkəsini istismara buraxdı.

TELEFON RABİTƏSİ
Azərbaycanın telefon rabitə sistemi müasir avadanlıq üzərində qurulub. Şəhərdə çoxlu sayda taksafon quraşdırılıb.
Onların əksəriyyəti  bir neçə növ telefon kartları və sikkələrlə (poçt şöbələrində, telefon şirkətlərinin ofislərində, paytaxtın dəmiryol stansiyasında və digər kütləvi yerlərdə satılır) işləyirlər. Aparatların hamısı şəhərdaxili rabitəni təmin edir, eyni zamanda şəhərlərarası və beynəlxalq xəttlərə də çıxışları vardır.
Ölkənin beynəlxalq kodu-994. Bakının kodu-12. Azərbaycana zəng vurmaq üçün +994+şəhərin kodu+ zəng vurulan abunəçinin kodu yığılır.

İNCƏSƏNƏT ƏSƏRLƏRİNİN, XALÇALARIN VƏ QARA KÜRÜNÜN ÖLKƏDƏN ÇIXARILMASI 
İncəsənət əsərləri, xalça və qara kürü almısınızsa aşağıdakıları bilməlisiniz:

Xalça və xalça məmulatları aldıqda Azərbaycan Xalça muzeyində malın sertifikatını əldə etməlisiniz. Bunun üçün aldığınız xalçanı təqdim etməli və onun ixracına icazə sənədi almalısınız. Əks halda ölkədən çıxarkən onun aparılmasına qadağa qoyula bilər.

Rəsm və incəsənət əsəri aldıqda Təsviri İncəsənət Muzeyindən sertifikat almalısınız.  Bunun üçün əsərin özünü və onun foto-şəkillərini təqdim etmək lazımdır.  İcazə sertifikatı olmadıqda gömrük rəsmiləşdirməsi zamanı aldığınız əşyanın ixracına qadağa qoyula bilər.
Qara kürünü 250 qr həcmində  aparmaq olar. Kürünü Caspian Fish mağazalar şəbəkəsindən almaq tövsiyə olunur, çünki bazarlarda alverçilərdən alınmış qara kürünün keyfiyyətinə zəmanət verilə bilməz.

Azərbaycanda islam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.
İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəyhdir.
İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri Sünnülük və Şiəlik təriqətləridir.
Azərbaycanda islamın yayılması
Kopaн
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlmişlər. Şəhərin istehkamları onları heyran qoymuş və onlar şəhəri "Bab əl-Əbvab" adlandırmışlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.
Guran
İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilmişdir. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular.
Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər.
Tezepir
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranmışdır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşirdi. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmirdi.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləmişdir. Şafii məzhəbi aparıcı məzhəb olurdu.Bu dövrdə Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bildilər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılırdı. Hürufilik güclənirdi.
Tezepir mescidi
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.
İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.
Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Respublikası (ADR) sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilmişdir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənmişdi.
Seyxulislam
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılmış, müsəlman din xadimləri təqiblərə məruz qalmış, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilmişdir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilmiş və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. Axund Ağa Əlizadə şeyxülislam seçilmişdir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxmışdır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olunur və şeyxülislam tərəfindən idarə edilir, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edirdi.
Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.
Azərbaycanda Şeyxülislam Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə və s. kimi görkəmli din xadimləri, Axund Yusif talıbzadə, Fazil Dərbəndi, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Əlixan Musayev, Şahin Həsənli və s. kimi islamşünaslar yetişmişdir.

Qarabağ

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və "ya hər şey, ya heç nə" prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq ("miatsum") ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.
1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan "Humanite" qəzetinə verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş "Ocaq" kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.
1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə "təqsiri" başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan - azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.
1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası "cəbhəçi tipli" şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.
Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın - Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur - "DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə" yaradılır. Martın 5-də bu qurum "Krunk" adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda "Qarabağ" Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva "1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.
1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsinə razılıq" verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, "müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz".
İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.
Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.
SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı "soyuq müharibə" bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı "Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında" qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı "Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək" arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən "Memorial" təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi - "yenidən birləşmə" və "millətin öz müqəddəratını təyin etmək hüququ" şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.
"Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.
Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu - kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.
SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi - bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq "quruculuğunun" elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.
1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında "Dağlıq Qarabağ Respublikası" (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan "SSRİ Dövlət Şurası" 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da "DQR"-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik "Dağlıq Qarabağ Respublikası"nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran "qaynar mərhələyə" keçirdilər.
1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: "Sərhədləri bütün dünya tərəfindən tanınmış, - bizim ərazi bütövlüyümüz isə BMT tərəfindən tanınır... - suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir".
1993-cü ildə Azərbaycan milləti güclü dövlət başlanğıcının, həyatın sınağından keçmiş idarəçilik kadrlarının və ilk növbədə kreativ liderin şəxsində insan kapitalının nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Bu millətin tarixi miqyasda bəxti gətirmişdi, bütün bunlar var idi. Aristotelin entelexiya adlandırdığı potensial imkanların faktik imkanlara keçməsini reallaşdırmaq üçün xalqın iradəsi tələb olunurdu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıtması Dağlıq Qarabağ münaqişəsində yeni bir səhifə açdı. 1993-cü ildə Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinə yol açdı. Bu baxımdan Dağlıq Qarabağ problemi yalnız aşağıdakı prizmadan təhlil edilir: "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik xəttinin varisliyini əks etdirir.
İş-işdən keçəndən sonra, 1993-cü ildə Heydər Əliyevə obyektiv və subyektiv səbəblərdən yaranmış ağlasığmaz dərəcədə mürəkkəb şərait miras qalmışdı. O, belə bir nəticəyə gəldi ki, Dağlıq Qarabağ probleminin həllinə sintetik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin hökmən nəzərə alınması tələb olunur. Bu, xüsusən, döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, sabit hakimiyyət qurumlarının yaradılması, iqtisadiyyatın bərpası və iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması və bu tədbirlərin nəticəsi kimi millətin sıx birləşdirilməsi demək idi. Heydər Əliyev deyirdi: "İşləri qaydaya salmaq üçün mənə iki il yarım vaxt lazım gəldi". Heydər Əliyev özü etiraf edirdi ki, 1993-1994-cü illərdə o, "özünün uzun iş gününün 80 faizini" bu problemin həllinə ayırırdı.
1994-cü il mayın 5-də Bişkekdə barışıq haqqında protokol imzalandı. Ermənistanın təcavüzü nəticəsində 1993-1994-cü illərdə yeddi rayon - Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları tutuldu. Bir milyona yaxın insan qaçqına və məcburi köçkünə çevrildi.
1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən "Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq" adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.
ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.
1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, "Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər", onlar həmçinin "başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər".
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur". 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən "ümumi dövlət" ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.
Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA "Cənubi Qafqazda münaqişələr haqqında" qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.
1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.
2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.
Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.
Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.
Azərbaycanın dövlət quruculuğu mədəniyyəti ölkədə məskunlaşmış xalqların biliklərinin, vərdişlərinin və təcrübəsinin sintezindən ibarət olmuşdur və indi də belədir. XX əsr ərzində Azərbaycanda siyasi millət, yəni vətəndaş milləti yaranmışdı. Heydər Əliyev deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Bu sözlər müasir Azərbaycan dövlətçiliyinin taleyüklü təbiətini əks etdirir. Müasir Azərbaycan dövlətinin siyasətinin ideya-mədəni və siyasi-psixoloji mənbələri bunlardır.
Müasir Azərbaycan Respublikası Azərbaycanda yaşayan xalqların vətəndaş-siyasi müqəddəratlarını təyin etməsinin nəticəsi olan bir millətin mövcudluğunu nəzərdə tutur. Bu başlıca mənada millət çərçivəsində "ayrılmaq da daxil olmaqla etnik müqəddəratın təyin edilməsi" problemi saxta, uydurma problemdir. Milli dövlətləri parçalamaq vasitəsi kimi istifadə edilən etnokratik millətçiliyin başlıca dəlilinin əsası yoxdur. Millət-dövlət çərçivəsində etnos siyasi-hüquqi subyekt ola bilməz, o, yalnız mədəni-tarixi subyekt ola bilər. Müasir millət-dövlətlər polietnik dövlətlərdir. Etnosların ümumi milli mənafe və etnosun fövqündə duran ideologiya ilə siyasi millət şəklində birləşmədiyi dövlət, olsa-olsa, böhranlı vəziyyətdə mövcud ola bilər. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tətbiqən siyasi fəlsəfəsi ən ümumi şəkildə belədir.
Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: "Əlbəttə, diplomatik uğurlar bizi sevindirir... lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara - Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar".
Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır - Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev deyir: "Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir".
Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.