воскресенье, 29 апреля 2012 г.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 92 il ötür !

Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından 92 il ötür. 92 il əvvəl məhz aprelin 28-də müstəqil Azərbaycan dövləti bolşevik-rus ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib. 

Qeyd edək ki, 1920-ci ilin mart ayında ermənilər Azərbaycanın Qarabağ bölgəsində qiyam qaldırıb. AXC hökuməti məcburiyyət üzündən ordunu Qarabağa, soyqırıma məruz qalan vətəndaşlarını qorumağa göndərib. Bu səbəbdən Bakı faktiki olaraq müdafiəsiz qalıb. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Xaçmaz-Yalama istiqamətindən Azərbaycana daxil olan XI Qırmızı Ordu hissələri Bakıya girib. Azərbaycan parlamentinin aprelin 27-də keçirilən son iclasında bolşeviklərin hakimiyyəti təhvil vermək barədə ultimatumu müzakirəyə çıxarılıb. Məhəmməd Əmin Rəsulzadə və digərləri işğalın əleyhinə çıxış ediblər. Lakin tarixi şərait və qüvvələrin qeyri-bərabər olması səbəbindən AXC hökuməti 6 maddəlik razılaşma imzalamaqla hakimiyyəti bolşeviklərə təhvil vermək məcburiyyətində qalıb. Razılaşmaya əsasən, siyasi partiyalar fəaliyyətini davam etdirməli, Azərbaycan Cümhuriyyətinin siyasi xadimlərinə toxunulmamalı idi. Lakin işğaldan sonra siyasi partiyalar qapadılıb, Müsavat Partiyasının fəaliyyəti qadağan olunub, üzvləri repressiyalara məruz qalıb. Eyni zamanda Gəncə qubernatoru Xudadat bəy Rəfibəyov güllələnib, baş nazirlər Nəsib bəy Yusifbəyli və Fətəlixan Xoyski müəmmalı şəkildə öldürülüb, Məhəmməd Əmin Rəsulzadə həbs edilib.
İşğaldan sonra Azərbaycanda bolşeviklərə qarşı 150-yə yaxın üsyan baş verib. Onlardan ən böyüyü isə 1920-ci il mayın 26-da Gəncədə başlayıb. İyunun 4-dək davam edən üsyan zamanı Azərbaycan Ordusunun döyüşçüləri və Gəncə sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə göndərilən əlavə diviziyalar üsyanı qan içində boğaraq şəhəri yerlə yeksan edib, 10 min nəfərə yaxın Gəncə sakini qətlə yetirilib.
Aprelin 28-də rəsmiləşən işğal sovet imperiyasının mövcud olduğu 71 il ərzində rəsmi bayram kimi qeyd olunub. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 27 aprel həqiqəti xalqa açıqlanıb və tarixdə öz həqiqi yerini alıb. O vaxtdan 27 aprel işğal, 28 may isə İstiqlal (Respublika) günü kimi qeyd olunur.

Комментариев нет:

Отправить комментарий