четверг, 1 марта 2012 г.
Balakən rayonu..
İqtisadi rayon: Şəki-Zaqatala
Ərazi: 920 km²
Əhali: 87365 nəfər
Əhali sıxlığı: 92 nəfər/km²
Nəqliyyat vas. kodu: 08
Telefon kodu: 119
Poçt kodu (Mərkəzi PŞ): AZ 0800
Yaşayış məntəqələrinin sayı: 58
İcra başçısı: Asif Məmmədov
Tarixi
Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi
məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türkdilli tayfalar bu bölgənin daimi sakinləri olmuşlar. XI əsrə qədər bu bölgə Qədim Qafqaz Albaniyasının şimal-qərbində yaşayan türklərin, inqiloyların və avarların əcdadları hesab olunan lek, ipin və s. tayfaların məskəni olmuşdur. Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda mübarizə və müharibə meydanına çevrilmişdir. Eyni zamanda bu ərazi həmişə qəsbkarlara qarşı sipər rolunu oynamış, işğalçıların Azərbaycanın içərisinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox vaxt məhz buranın yerli sakinləri qarşılamalı olmuşlar. Bura kömək diləyilə gələn ehtiramla qarşılanıb, bəd niyyətlə gələnlər isə layiqli cəzasını almışlar. XVIII əsrin sonlarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyətlə əlaqədar ayrı-ayrı xanlıqlar Gürcüstan və Dağıstan feodal hakimləri arasında gedən çəkişmələrə Balakən camaatı da cəlb olunmuşdur.
Balakən Çar Rusiyası dövründə
1783-cü ildə bağlanmış Georgiyevsk Rusiya-Gürcüstan müqavilələrindən sonra Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktiki olaraq Azərbaycan xanlıqları ilə müharibəyə başlayır. Rusiyanın ilk hədəfi Balakən bölgəsi olur. Çünki bu yerlər rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda maneə, İran və Türkiyə üçün Rusiyaya qarşı mübarizədə mühüm strateji məntəqə idi. Balakənin tutulması Kürün üzərindəki Şəki, Gəncə və Şamaxıdan keçərək Bakı və Tiflisi birləşdirən yolun təhlükəsizliyini təmin edirdi. Ona görə də Rusiya Gürcüstandan Azərbaycana keçən yolun başlanğıcında yerləşən Balakəndən asanlıqla əl çəkmək fikrində deyildi. 1803-cü ildə rus qoşunları Alazan (Qanıx) çayını keçib Balakən yaxınlığında baş verən qanlı döyüşlərdə yerli əhalinin müqavimətini qırır və ərazidə yerləşirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general P. D. Sisiyanov Balakənin işğalı barədə Rusiyanın vitse-kansleri, qraf V. P. Koçubeyə yazırdı: "Bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kampaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı olan qəddarlığın nümunəsi kimi bütün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalıdır". Lakin bu bölgənin - Car-Balakənin tabeçiliyi zahiri idi. 1804-cü ildə Balakən yaxınlığındakı döyüşdə rus qoşunları darmadağın edilir və rus generalı Vasili Semyonoviç öldürülür. Bu zaman general-mayor Qulyakov böyük bir qüvvə ilə yerli əhalini cəzalandırmaq məqsədilə Balakənə yürüş edir. Qəsbkarlara qarşı qəhrəmancasına vuruşan yerli əhali rus qoşunlarını məğlubiyyətə uğradır, general Qulyakov isə döyüşdə öldürülür. Yalnız təsadüf Qulyakovun dəstəsindən olan qraf Benkendorfu (sonralar Rusiya jandarmının şefi), Vorontsovu (Qafqazın gələcək canişini), general-mayor Orbelianini və başqa zabitləri ölümdən xilas edir. XIX əsrin 50-ci illərində müridizmin təsiri və yerli əhalinin ruslara qarşı çıxışları daha da güclənir. 1853-cü ilin avqustunda dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil bu yerlərdə olur. Onun məqsədi çarizmin siyasətindən narazı olan yerli əhalini üsyana qaldıraraq Kaxetiyaya girmək və türklərlə birləşmək idi. Lakin müridlərə və üsyançılara qarşı bölgəyə ruslar əlavə qüvvələr yeridirlər. Bir neçə vuruşmadan sonra İmam Şamil geri çəkilməyə məcbur olur. Bu bölgəni nəzarətdə saxlamaq üçün çarizmin apardığı tədbirlərdən biri də yerli əhalinin zorla xristianlaşdırması idi. XIX əsrdə çarizm bu yerlərdə bir neçə dəfə xristianlaşdırma siyasəti aparmağa cəhd etsə də, onların hamısına yerli müsəlmanlar üsyanla cavab verir. Balakənin mərkəzində xristian kilsəsinin bünövrəsinin qoyulması mərasimində yüksək rus zabiti və keşiş öldürülür. Yerli əhalinin qəzəbindən qorxuya düşən çar məmurları kilsənin tikintisini dayandırırlar. Rusların bu yerlərdə apardığı xristianlaşdırma siyasəti onların özlərinə Qafqazda dayaq hesab etdikləri ermənilərin bu bölgəyə axını üçün şərait yaradır. Bu diyarın iqtisadiyyatının tarmar edilməsində erməni tacir-sələmçiləri xüsusi fəallıq göstərir. Bölgənin iqtisadiyyatını ələ keçirmək istəyən ermənilərə hakimiyyətdə olan ruslar müxtəlif vasitələrlə - kəndlilərə borc verib, sonradan borcu yığılan kəndliləri torpaqlarını hərraca çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəyib sonradan onların torpaqlarına yiyələnməklə və digər üsullarla yardım göstərirlər. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpaqlarını yalnız onlara satmaq məcburiyyəti qarşısında qalırdılar. XIX əsrin sonuna doğru sələmçi tacirlərin istismarçı iqtisadi siyasəti kəndlilərin ciddi narazılığına səbəb olur. Müsəlmanların qəzəbinə gələ biləcəklərindən qorxan ermənilər buna qarşı hazırlıq görürlər. Burada onların hər cür silahlara və partlayıcı maddələrə malik gizli millətçi komitəsi fəaliyyətə başlayır. Varlı ermənilər tərəfindən maliyyələşdirilən bu komitə bölgənin nüfuzlu adamlarına qarşı gizli terrorla məşğul olur. Əhalinin haqlı narazılığına səbəb olmuş müstəmləkəçilik siyasətinin amansızlığı bu yerlərdə qaçaqçılıq hərakatının vüsət almasına gətirib çıxarır. Yerli qaçaqların əksəriyyəti çarizmin idarə orqanlarının özbaşınalıqlarına, rüşvətxorluğa və qanunsuz hərəkətlərinə qarşı mübarizə aparırlar. Beləcə Balakən I Dünya Müharibəsinə qədər rus imperiyasının müstəmləkəçilik siyasətinə qarşı etiraz və üsyanlarla dolu ağrı-acılı, qanlı bir tarix yaşayır.
Balakən SSRİ dövründə
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlalının elan olunması xəbəri Balakənə yetişəndə əhali bunu azad və xoşbəxt günlərin sorağı kimi qarşılayır. Lakin həmin dövrün siyasi vəziyyətindən istifadə edib bu bölgədə yaşayan xalqlar arasında milli nifaq salaraq gərginliyi artırmaq istəyən qüvvələr də az deyildi. Belə bir çətin vəziyyətdə doğulduğu torpağın təşəbbüsünü çəkən öz dövrünün qabaqcıl və ziyalı adamları pis niyyətli qüvvələrin qarşısını almaq üçün böyük sayıqlıq göstərirlər. Belə adamlardan biri də Qori seminariyasında Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovla birgə oxumuş, sonralar onunla qohum olmuş, Qabaqçöllü avar
Həmzət bəy Xəlilov idi. O, Zaqafqaziya Seymi dağıldıqdan sonra başçılıq etdiyi azərbaycanlılardan ibarət süvari dəstələrini Tiflisdən Balakənə gətirir və Azərbaycan Demokratik Respublikasının yeni yaranan ordusunun tərkibində bu ərazinin sərhədlərini mühafizədə, əmin-amanlığın qorunmasında fəal iştirak edir. Balakənlilər həmişə məğrur, cəsur olduqları kimi də əməksevər və dövlətçiliyə sadiq insanlar olmuşlar. II Dünya Müharibəsi zamanı Azərbaycan faşist Almaniyasının hücumuna məruz qalanda balakənlilər də Vətənin müdafiəsi üçün ayağa qalxdılar. Balakəndən döyüş cəbhələrinə 6882 nəfər yola düşdü. Onlardan 2315 nəfəri faşizmlə mübarizədə həlak oldu. Döyüş meydanlarında göstərdikləri hərbi şücaətlərinə görə yüzlərlə müharibə iştirakçısı dövlətin orden və medalları ilə təltif edildi. Müharibədən sonrakı bərpa illərində balakənlilərin əmək cəbhəsində qazandığı uğurlar da böyük olmuşdur. Maraqlı faktdır ki, Balakən rayonu keçmiş SSRİ kimi nəhəng bir dövlətin ərazisində yeganə rayon olmuşdur ki, eyni vaxtda 18 nəfər adam o dövrün ən yüksək dövlət təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Keçən əsrin 70-80-ci illərində Balakən iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Balakən və Mazım çaylarının üzərində böyük körpülər salındı, əhalinin həyat səviyyəsi xeyli yüksəldi, kəndlər tamamilə öz simasını dəyişdi, gözəlliyi və rahatlığı ilə seçilən minlərlə fərdi yaşayış evi tikildi, onlarla inzibati bina, sənaye müəssisəsi, yeni tipli məktəb binası, uşaq bağçası və digər sosial obyektlər tikilib istifadəyə verildi, Bakı-Balakən dəmiryolu çəkildi. Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən ermənilərin təqsiri nəticəsində başlanan Qarabağ müharibəsi zamanı da balakənlilər etiraz səslərini ucaldıb, öz oğullarını xəyanətkar ermənilərlə vuruşmaq üçün cəbhəyə yola saldılar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda erməni qəsbkarları ilə gedən döyüşlərdə 151 nəfər balakənli şəhid, 90 nəfər əlil olmuşdur.
Balakən müasir dövrdə
Rusiya və Gürcüstanla həmsərhəd olan Balakən 1991-1994-cü illərdə çox keşməkeşli günlər yaşadı. Xaricdən idarə olunan bəzi qüvvələr Azərbaycanın parçalanmasına can ataraq və ölkədə mövcud olan gərgin vəziyyətdən, hakimiyyət orqanlarının zəifliyindən sui-istifadə edərək burada əsrlər boyu bir yerdə yaşayan azərbaycanlı, avar, inqiloy və başqa xalqları toqquşdurmağa çalışırdılar. Ancaq Azərbaycanın dövlətçiliyinə sadiq olan balakənlilər heç bir provakasiyaya uymadılar. Ölkənin bütövlüyünə zərbə vuracaq millətlərarası münaqişənin yaranmasına yol vermədilər.
Coğrafi mövqeyi
Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Təbiəti
Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir.
Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri vardır. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.
Böyüklüyünə görə Azərbaycanda ikinci olan Zaqatala qoruğunun 3/4-ü Balakən rayonunun ərazisinə düşür.
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
İqlimi
Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-ində subtropik iqlim qurşağı mövcuddur.
Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 37 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.
Əhalisi
Balakən rayonunun 57 yaşayış məntəqəsində 83,7 min əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır. 1999-cu ilin 27 yanvar-4 fevral tarixləri arasında Azərbaycanda aparılmış siyahıya almanın yekunlarına əsasən Balakən rayonunun 83,732 nəfər əhalisinin 67,68%-ni azərbaycanlılar , 29,16%-ni Qafqaz avarları, 2,07%-ni gürcülər (ingiloylar), 0,28%-ni ruslar, 0,26%-ni ləzgilər, 0,05%-ni məshəti türkləri, 0,05%-ni tatarlar, 0,04%-ni ukraynalılar, 0,4%-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Ümumiyyətlə rayonda 27 xalqın nümayəndəsi yaşayır .Rayonda yaşayan 83,732 nəfər əhalinin 10598 nəfəri (11,9%) şəhər, 77744 nəfəri(88,1%) isə kənd əhalisidir. Rayon əhalisinin 42581 nəfərini (48,2%) kişilər, 45761 nəfərini (51,8%) qadınlar təşkil edir. Əhalinin sıxlığı: km2-ə 94,39 nəfər düşür.
Əhalinin ümumi sayda 34,3 %-i 0-14 yaşda, 56,7 %-i 15-64 yaşda, 9 %-i isə 65 və yuxarı yaşdan olanlardır. Doğulanların sayı 498, ölənlərin sayı 346, təbii artım 152.
Qarabağ müharibəsi əlillərinin sayı 94, şəhid ailələrinin sayı 151, məcburi köçkünlərin sayı 265, qaçqınların sayı 138 nəfərdir.
Görkəmli şəxsləri
Dibir Ramazanov
Əli Ansuxski
Əhməd bəy Dibirov — çar ordusunun polkovniki.
Danel bəy Qallacov
Həsənağa bəy Katexli
Bəşir bəy Qallacov
Akif Məmmədli
Füzuli Hüseynov
Osman Gündüz
Hacı Heydərov
Həqiqət Hacıyeva
İsa Zeynal oğlu Hüseynov
Laləzar Mustafayeva
Mustafa Mustafayev
Münəvvər Kantayeva
Qeybulla Qeybullayev
Qurban Əhmədov
Rəbiyyət Aslanova
Rüfət Əhmədzadə
Telman Adıgözəlov
Tofiq Baharov
Yaqub Mahmudov
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Balakən rayonunda 49 ümumtəhsil məktəbi, 25 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi, texniki-peşə və musiqi məktəbləri, 44 kitabxana, 25 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 35-i orta, 10-u əsas, 4-ü ibtidaidir. Balakən rayonunda İnternat əsas məktəbi və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən texniki və humanitar təmayüllü lisey fəaliyyət göstərir. 2007–2008-ci il tədris ilində ümumtəhsil məkəblərində 14878 nəfər uşaq və gəncin təlim və tərbiyəsi ilə 1858 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1330 nəfər uşağın tərbiyəsi ilə 170 nəfər tərbiyəçi məşğul olmuşdur. 5 məkətəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Uşaq Texniki Yaradıcılıq Mərkəzində, Şahmat üzrə Uşaq Gənclər İdman Məktəbində, Uşaq Gənclər İdman məktəbində 300 dərnəyə 4262 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 176 nəfər müəllim və dərnək rəhbəri çalışır. Ümumtəhsil məkətəblərində çalışan müəllimlərin 3 nəfəri Əməkdar müəllim, 3 nəfəri orden və medallarla təltif olumuş, 19 nəfəri ali kateqoriyalı müəllimdir.
Məktəblərdən 18-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 8-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 36 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 41 məktəbdə azərbaycan dilində, 3-də rus dilində, 4-də azərbaycan və rus dillərində, 1-də azərbaycan və gürcü dillərində keçirilir. Məktəblərin əksəriyyətinin zəngin tədris bazası vardır. Texniki və humanitar təmayüllü liseydə müasir tipli kompüterləri olan kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə Azərbaycanın ən qabaqcıl tədris müəssisələrindəndir. Fəaliyyətə başladığı vaxtdan 2007-cı ilə qədər liseyin 362 məzunu olmuş, onlardan 313 nəfəri ali məktəblərə qəbul olmuşlar. 34 nəfər fənn olimpiadalarının respublika turunun qalibi olmuş, 37 nəfər məzun liseyi fərqlənmə attestatı ilə bitirmiş və respublikanın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ümumiyyətlə, rayon üzrə 2007-ci il XI sinifi bitirən 1106 məzunun 151 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müvəffəq olaraq ali məktəblərə qəbul olmuşldur.
2007-ci il ildə 600 şağird yerlik şəhər 3 saylı orta məktəbinin, 120 şağird yerlik Beretbinə əsas məktəbinin, 200 şağird yerlik 10 sinif otağı Qazma-2 saylı kənd orta məktəbinin, 480 yerlik İtitala kənd orta məktəbinin, 240 yerlik Katex-3 saylı kənd orta məktəbinin, 120 şağird yerlik Roçəhməd əsas məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş, 800 şagird yerlik Nəsimi adına şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunmuş və yeni avadanlıqlarla təmin edilmişdir.
Hal-hazırda rayonun məktəblərində 24 kompüter kabineti quraşdırılmışdır. Rayonun 39 məktəbində 384 ədəd müasir kompüter dəsti var.
Uşaq Yaradıcılıq Mərkəzi
Uşaq Yaradıcılıq Mərkəzi 1960-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Həmin müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, inkişaf etdirmək, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlarda təşkilatçılığı aşılamaqdır. Həmin müəssisədə 62 qrupda müxtəlif profilli dərnəklərə 992 məktəbli cəlb edilmişdir. 23 qrupu müəssisədə, 39-u ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Müəssisədə "Bədii qiraət", "Təbiəti mühafizə", "Toxuculuq", "Evdarlıq", "Musiqi sevərlər", "Dilçilik", "Kağız əl işləri", "Dərzi", "Biçmə-tikmə" dərnəkləri fəaliyyət göstərir və bu dərnəklərə ali və orta ixtisas təhsilli kadrlar rəhbərlik edir.
Uşaq Texniki Yaradıcılıq Mərkəzi
Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildən rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 63 qrup fəaliyyət göstərir. Həmin müəssisədə 19 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Radio texnika", "Radiotexniki konstruktivləşdirmə", "İnformatika və EHM", "Əyləncəli fizika", "Gənc dizayner", "Texniki estetika", "İbtidai texniki modelləşdirmə", "Gənc konstruktor", "Avtomodel", "Tikişin texnologiyası", "Kinomexanika", "Radiorabitə", "Kartinq", "Foto", "Radiomexanika", "Elektrotexnika", "Kimya texnologiya") 945 məktəbli cəlb olunmuşdur.
Qrupların 2-si şəhər, 9-u kənd məktəbində fəaliyyət göstərir. Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri respublika üzrə hər il keçirilən "Uşaq və yeniyetmələrin texniki yaradıcılıq müsabiqəsi"ndə fəal çıxış edirlər.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий