четверг, 1 марта 2012 г.
Neftçala rayonu..
İqtisadi rayon: Aran iqtisadi rayonu
Ərazi: 1451,70 km²
Əhali: 80390 nəfər
Əhali sıxlığı: 55 nəfər/km²
Yaranma tarixi: 11 fevral 1940
Nəqliyyat vas. kodu: 47
Telefon kodu: 153
Poçt kodu (Mərkəzi PŞ): AZ 4700
İcra başçısı: İsmayıl Vəliyev
Neftçala rayonu Azərbaycan SSR-da inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun
tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 4 ildən sonra 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası olmuşdur. Belə bir qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilmiş və Neftçala yenidən Salyan rayonunun tərkibinə daxil olmuşdur. 7 ildən sonra 1973-cü ilin aprelin 27-də yenidən müstəqil rayon olmuşdur. Neftçala rayonu Muğan-Salyan kadastr rayonuna daxildi. Rayonda 18 inzibati ərazi nümayəndəliyi ilə bərabər, 27 bələdiyyə fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. İri yaşayış məntəqələri - Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləridir. 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Yerli Media - Rayonda 1973-cü ildən çıxan «Oktyabr bayrağı» qəzeti 11 oktyabr 1990-cı ildən «Gündoğar» qəzeti kimi fəaliyyət göstərir.
Tarixi
Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib. Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır[8]. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır. Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.
Xaraba şəhər
Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş. Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.
Coğrafiyası və iqlimi
Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü,qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyəəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır. Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir. Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var.Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25-36°S-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.
Təbiəti
Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir .Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Əhali
Rayon əhalisinin sayı 80390 nəfər, əhalinin orta sıxlığı isə 1 km²-də 55 nəfərdir. Əhalinin 47,8 %-i şəhərdə, 52,2 %-i kəndlərdə yaşayır. Rayon əhalisinin 48,8 faizi kişi, 51,2 faizi qadınlardır
İqtisadiyyat
Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir. Hazırda rayonda 8134 fermer təsərrüfatı fəaliyyət göstərir.. 2000-2009-cu illər arasında kənd təsərrüfatı bitkilərinin əkin sahəsi üzrə azalma müşahidə olunsa da, bir çox əsas bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunmuşdur. 2009-cu ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 23 müəssisə fəaliyyət göstərir. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 87.8 faizi təşkil edir. Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı, qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. 2006-cı ilin göstəricilərinə görə rayonda 17 sanəye müəssisəsi fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən "Azər-Yod" MMC, xam pambığın istehsalı üzrə fəaliyyət göstərən "Leqno-Neftçala" MMC, kərpic istehsal edən "Xəzər" MMC, balıq ovu ilə məşğul olan "Neftçala Balıq" ASC, sərnişin və yük daşıma fəaliyyəti ilə "Neftçala-Avtonəqliyyat" ASC, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan "Oriyat-balıq" ASC fəaliyyət göstərir. Rayonun ərazisində neftlə yanaşı, qaz, yod, brom, müalicəvi əhəmiyyətli yodlu-bromlu sular, xörək duzu kimi faydalı qazıntılar mövcuddur.
Balıqçılıq və balıq artırılması
XIX əsrin əvvəllərində indiki Tataraməhlə kəndi ərazisində o zamanın sənədlərinə görə "Boji promısel" (rus. Божий Промысел, azərb. Allah mədəni) kimi təqdim olunan məşhur balıqçılıq müəssisəsi vardı. Tacirlər burda duzlanmış balığı və emal olunmuş kürünü Kürdən Xəzərə hərəkət edən gəmilər vasitəsilə daşıyırdılar. Bu müəssisə Həştərxandan gəlmiş hindistanlı Sobra Maqundas tərəfindən 10 il müddətinə icarəyə götürülmüşdü[ . Burda qulluqçular üçün tikilmiş binalar, xəstəxana, balıqçılıq ləvazimatları satılan mağaza və s. dən ibarət olan şəhərcik var idi. 1826-27 ci illərdə İrandan edilən basqınlar zamanı vətəgə dağıdıldı və Sobra Maqundas bu işdən əl çəkdi. Ötən əsrin ilk onilliyinin ortalarında vətəgədə dəhşətli yanğın baş verdi və nəticədə bütün vətəgələr öz inzibati idarə, yaşayış sahələri ilə birlikdə Bankə qəsəbəsinə köçürüldü. "Boji promısel" 1841-ci ildə öz iqtisadi funksiyasını Bankə Balıq Kombinatına verdi. Beləliklə, Bankədə balıqçılıq sənayesinin vüsəti "Boji Promıselin" tənəzzülündən sonra başlayır. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev Bankə vətəgələrini icarəyə götürmüşdü. Böyük Vətən müharibəsindən əvvəl və sonra rayonda 4 balıqçılıq kolxozu olub: Kürkosada "Volna", Prorvada Kalinin, Z.O. Qoltuqda "Stalin", N.O.Qoltuqda "Beriya" adına kolxozları.
Keçmiş Sovetlər məkanında nərə cinsli balıqların süni artırılması üzrə ilk zavod Neftçala rayonunun Bankə qəsəbəsi yaxınlığında tikilib istifadəyə verilmişdir. Nərə cinsli balıqların süni yolla artırılmasının biotexnologiyası və biotexniki normativləri alimlər tərəfindən məhz bu zavodda hazırlanmış və sonralar digər Xəzəryanı ölkələrdə (Rusiya, Qazaxıstan, İran) inşa edilmiş analojı zavodlarda tətbiq edilmişdir.. Azərbaycanda ümumilikdə 4 nərə balıq artırma zavodu var. Onlardan 3-ü Neftçalada, biri isə Şirvan şəhərində yerləşir. Rayonda əsasən nərə cinsli balıqlarının artırılması ilə məşğul olan 3 zavod – Xıllı nərə balıqartırma zavodu, Kür ağzı nərəbalıq yetışdirmə zavodu və Kür təcrübə Nərə balıqartırma zavodu fəaliyyət göstərir. Təkcə 2008-ci iin birinci yarımilində bu zavodlar tərəfindən 12 milyon ədəd nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır
Xıllı Nərə Balıqartırma zavodu
Zavodda ümumilikdə dörd sex fəaliyyət göstərir. Bunlar inkubasiya sexi, dairəvi hovuzlar, süni və canlı yem tədarük etmə və bir də elektro sexlərdir. Zavodda bir il ərzində 15 milyon ədəd balıq körpəsi ərsəyə gətirilir. Zavodda hazırda dörd nərə cinsli balıq yetişdirilir. Bunlar "Bölgə", "Şip", "Uzunburun" və "Nərə" növləridir. Zavodda 150-200 qramdan başlamış 10 kiloqrama qədər çəkisi olan balıq yetişdirilir. Balıqlar Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda yetişdirilir. 2003-cü ildə fəaliyyətə başlayan zavoddan ilk dəfə 2004-cü ildə dənizə balıq buraxılıb. Altı il ərzində Xəzər dənizinə 41 milyon ədəd nərə cinsli balıq körpələri buraxılıb. Onlardan bir 1 milyon 500 min ədədi 2010-cu ilin payına düşür. Zavodun əsas tərəfdaşları "Caspian Fish" və "Xəzərbalıq" MMC balıqovlama şirkətləridir
Rayonda Nərə cinsli balıq körpələrinin süni yolla artırılması və bərpası üçün "Seymur Qəzənfəroğlu Kərimov adına Təcrübi Nərə Balıqartırma Zavodu" (Bankə qəsəbəsi) və "C. Cavadov adına Nərə Balıqartırma Zavodu" (2-ci mayak qəsəbəsi) fəaliyyət göstərir.
CITES-ın (the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora) 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət - "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur
Yod-Brom Zavodu
1927-ci ildə 5 saylı quyu 50 metr dərinlikdən neftlə birlikdə duzlu su fontan vurdu. Analiz aparılarkən bu suyun tərkibində yod olduğu aşkar oldu. Bundan sonra bu ərazilərdə zəngin yod ehtiyatı aşkarlandı. Həmin illərdə quyular şəklində ilkin yod zavodu tikildi. 1931-ci il aprelin 28-də ilk məhsul 1500 kq Neftçala yodu Bakıya göndərildi, ordan da Moskvaya daşındı. 1932-ci il mayın 1-də "1 May" adına Yod zavodu əvvəllər 26 Bakı Komissarı adına qəsəbədə - indiki Mirqurbanlı kəndində tikilib istifadəyə verilmişdi. 1950-1955-ci illərdə Xəzər dənizi sahilində yeni yataqlar yodlu-bromlu su yataqları kəşf olundu. Sonradan 1984-cü ildə Xəzər sahilində əvvəlkindən 4 dəfə güclü yeni Yod-Brom zavodu tikilib istifadəyə verildi. Sovetlər İttifaqının dağılmasından sonra məlum iqtisadi, siyasi problemlər üzündən bu zavod da iflic vəziyyətə düşdü və yalnız 2004-cü ildən burada həmin baza əsasında tikinti-quraşdırma işləri aparıldı, 2007-ci ildə Azər-Yod MMC rəsmi şəkildə fəaliyyətə başladı. Burada istehsal olunan texniki yod, kristal yod və dəmir bromid duzu ölkəmizdə və xarici bazarda uğur qazanmışdır
"Dizayn Glass" şüşə emalı zavodu
«Dizayn Glass» MMC - şüşə emalı zavodu «AzəriYod» Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində fəaliyyətə başlayıb. Ərazisi 4 min kv. metr olan zavodda İtaliya, Macarıstan və Çin istehsalı olan, şüşə məmulatları üzərində ən çətin əməliyyatları yerinə yetirən universal avadanlıq quraşdırılıb. Müəssisədə sifarişlər əsasında yüksək keyfiyyətlə şüşələrin kəsilməsi, rənglənməsi, hermetik 2 və ya 3 qat paketlənmə, xüsusi termik emaldan sonra zərbəyə davamlı və ümumilikdə 50-yə qədər emal əməliyyatının aparılması nəzərdə tutulur. İlkin mərhələdə zavodda əsasən yüksək temperatur altında cilalanmaqla, müxtəlif rənglərdə, sınmaya davamlı, yastı fasad şüşələri hazırlanacaq. Müəssisədə ay ərzində 18 min kv. metrdən çox şüşə emal ediləcək
Digər müəssisələr
Neftçala Balıq Kombinatı ASC
Hacı Zeynalabdin Tağıyev adına balıq kombinatı hərraca çıxarılaraq Caspian Fish Co. şirkətinə satılməşdır. Bundan sonra müəssisənin adı Neftçala Balıq olaraq adlandırılmışdır.
Xəzərbalıq MMC
Neftçala-Pambıq ASC
Neftçala balıq-əmtəə
Təhsil
XX əsrin əvvəllərində insanların maariflənməsi uğrunda mühüm işlər görülmüşdür. Keçmiş inzibati-ərazi bölgüsünə görə Azərbaycan 17 qəzaya bölünürdü. Bu qəzalardan biri də Salyan (Cavad) qəzası idi. Salyan qəzasına daxil olan 6 nahiyənin içərisində yalnız Xıllı nahiyəsində (indiki Neftçala rayonu ərazisində) 1898-ci ildə 2 sinifli ibtidai rus-tatar məktəbi açılmışdır. Burada dərslər rus dilində aparilirdı. Həftədə 1 dəfə azərbaycan dilində şəriət dərsləri keçirilirdi. Bu məktəbdə 40-45 nəfər oxuyurdu. Məktəbdə ilk dərslik "Gülüstan" kitabı olmuşdur. 1916-cı ildə xalqdan toplanan pullar hesabına Xıllıda birmərtəbəli dövlət binası tikildi və köhnə məktəb buraya köçdü. Məktəbdə milliyəti rus olmaqla 2 müəllim işləyirdi. 1917/18-ci tədris ilindən başlayaraq, məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başladı. Xıllı məktəbinin direktoru Qori müəllimlər seminariyasını bitirmiş Axundov Əbülhəsən olmuşdu. Axundov Mirzə Əbülhəsən və oğlu Qulam Axundov Muğanda ilk tarix elmləri namizədi olmuşlar. Rayonda ikinci açılan 1912-ci ildə cəmi 8 otaqdan ibarət ikimərtəbəli məktəb Novo-Vasilyevka kəndində olmuşdur. Məktəbin birinci mərtəbəsi sinif otaqları, ikinci mərtəbəsi isə yaşayış otaqları olmuşdur. 1912-22-ci illərdə məktəb ancaq rus məktəbi kimi fəaliyyət göstərmişdi. Yalnız 1922-ci ildə məktəbə azərbaycanlı uşaqlar da qəbul edilir. 1916-ci ildə Z.O.Qoltuq beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib. 1926-27-ci ildə Xıllıda kiçik aqronom ixtisası verən 3 illik orta məktəb (kəndli-gənclər məktəbi) açdılar. Belə məktəb həmin illərdə respublikada iki yerdə açılmışdı. İkinci məktəb Göyçayda idi. Bu məktəbə qonşu Saatlı, Sabirabad və s. rayonlardan da uşaqlar göndərirdilər. Məktəb pansionat tipli idi. Bu məktəb 1930-cu ilə kimi fəaliyyət göstərmişdir. 1940-cı ilin fevralın 11-də Neftçala rayon kimi yaranandan sonra Xalq maarif şöbəsi yaradılmış və onun inzibati binası Bankə qəsəbəsində yerləşmişdir. Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binaları tikilib. Bəziləri isə əsaslı təmir olunmuşdur. Son 6 ildə Neftçalada 4 yeni məktəb, Mayak-1, Mayak-2, Kür Qarabucaq, Xanqışlağı kəndlərində yeni məktəb binaları, 4 saylı məktəbdə 4 əlavə sinif otağı, Yenikənd Körpələr evi-uşaq bağçası tikilmişdir. Rayonda 53 ümumtəhsil məktəbi, 15 məktəbəqədər tərbiyə müəssisəsi, peşə məktəbi, 67 kitabxana, şahmat məktəbi, musiqi məktəbi var.
Neftçalada təhsil rəqəmlərlə:
Orta ümumtəhsil məktəbləri - 28
Əsas ümumtəhsil məktəbləri - 15
İnternat məktəbləri - 1
İbtidai ümumtəhsil məktəbləri - 8
Peşə məktəbləri - 1
Məktəbdənkənar müəssisə - 5
Məktəbəqədər tərbiyə müəssisəsi - 15
Rayon üzrə sinif komplektlərinin sayı - 773
Şagirdlərin sayı - 13127
Kitabxanalar - 67
Mədəniyyət və səhiyyə müəssisələri
Rayonda 750 yerlik şəhər Mədəniyyət sarayı, Tarix-Diyarşünaslıq muzeyi, Bankə qəsəbəsində XIX əsrə məxsus balıq kombinatının inzibati binası yerləşir. Rayonda 35 klub, tarix-diyarşünaslıq muzeyi, dövlət rəsm qalereyası, musiqi məktəbi, mərkəzi xəstəxana, kənd və qəsəbə xəstəxanaları, tarixi-memarlıq abidələri, çoxlu sayda məscid var. Rayonda ümumi 670 çarpayılıq 7 xəstəxana fəaliyyət göstərir. Neftçala Rayon Səhiyyəsinin tərkibində 345 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, digər qəsəbə və kəndlərində kiçik həcmli xəstəxana, həkim Ambulatoriyası və Feldşer Mama Məntəqələri fəaliyyət göstərir. Rayon üzrə orta tibb işçilərinin ümumi sayı 466 nəfərdir.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий