понедельник, 30 января 2012 г.

Gəlin Azərbaycan tarixi yadda salaq

Azərbaycan tarixi-Qədim dövr. Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən paleolit (qədim), mezolit (orta) və neolit (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşamış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər. 30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi. Mezolit Azərbaycanda er.əv. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və
heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qayaystü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər. Neolit Azərbaycanda er.əv. 7 minilliyə təsadüf edərək Qobustanın və Həsənlutəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4 minillikklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və .s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları və.s.) düzəldilməsi təsadüf edir. Tunc dövrü Azərbaycanda er.əv. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (er.əv. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir. Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23 yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir. Hələ er.əv. 3 minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır. Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan, Naxçıvan və Qayakənd –Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsrrüfatın demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. Er.əv. 13-12 yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla, Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur. Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti
Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur.Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur. Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir.
Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün elinizmin yaranmasına gətirib çıxardı. Ellinistik dövrdə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur. Er.əv. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir. Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının (er.əv. 248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi nəhəng və qüdrətli Roma İmperiyası (er.əv. 6 - er.5 əsrlər) olmuşdur. Roma və Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində romalılar bir neçə döyüşdə məğlub edilmişdir. Lakin er.əv. 20-ci ildə Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur. Er.əv. 1-ci ildə Roma sərkərdəsi Qay Sezar Ermənistanı zəbt edərək II Ariabarzanı onun hökmdarı təyin edir. Lakin Ermənistanın Atropatenaya qatılması və Roma ilə müttəfiq münasibətlər Parfiyanın narazılığına səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına gətirib çıxardı. Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə Atropatena Sasani imperiyasının (er. 224-651) yüksəlməsinə qədər mövcud olmuşdur. Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya, Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə şəhərləri olmuşdur. Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. Qədim albanların təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası haqqında kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik, heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq və ilk növbədə ipəkçilik mövcud idi. Albaniya ərazisində 30-dan artıq şəhər var idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub saxlaya bilmişdir. Orta əsrlər dövrü Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə mürajiət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şüjaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər. Azərbaycan Demokratik Respublikası 1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəlixan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu
təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir. Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur.

Комментариев нет:

Отправить комментарий