пятница, 17 февраля 2012 г.

AZƏRBAYCAN ARXEOLOGIYA

Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Füzuli rayonunun mərkəzindən 14 km şimal-qərbdə 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsi 1960 ildən başlanmışdır. 1968 ildə burada ibtidai insanın alt çənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövrü) tarixi vardır. Dünya bu üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşdular. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir. Tağlar – Azərbaycanın Füzuli rayonunda yerləşir. Paleolit dövrünə aiddir. 1964 ildən öyrənilir. Mağara bir neçə otaqdan ibarətdir. Bura ibtidai insanın məskunlaşdığı bir yer olmuşdur. Abidədə altı mədəni qat aşkar edilmişdir. Qazıntılar zamanı ocaq qalıqları, daş alətləri və fauna qalıqları tapılmışdır. QARAKÖPƏKTƏPƏ ABIDƏSI Qaraköpəktəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşir. Abidə üst hissəsi yastı olan konus formalı yüksək təpə şəklindədir. Təpənin hündürlüyü 50 m olub, diametri isə şimaldan cənuba 220 m, şərqdən qərbə isə 180 m təşkil edir. Öncədən Qaraköpəktəpə abidəsi elmi ədəbiyyatda kurqan tipli məzar tikilisi kimi təqdim olunurdu. Lakin keçən əsrin 60-80 illərində aparılan əsaslı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, bu abidə qədim yaşayış məskənidir. Buradakı mədəni qatlar həmin məskənin bir neçə minillik ərzində mövcüd olduğunu təsdiqləyir. Qaraköpəktəpənin ən qədim mərhələsi mezolit dövrünə təsadüf edir. Abidə ərazisində aşkar olunan çaxmaq daşı və obsidiandan hazırlanmış mikrolitik əşyalar həmin dövrdə bu ərazinin məskunlaşmasının əyani sübutudur. Güman edilir ki, həmin təpə o zamanlar mezolit dövrü ovçularının yaşayış məskəni idi. Qaraköpəktəpədə üzə çıxarılan növbəti təbəqə formalaşmış oturaq-əkinçiliyi dövrü ilə bağlıdır. Bu dövr e.ə. VI-V minilliklərə təsadüf edir. Həmin mərhələ iri olmayan məişət-təsərrüfat xarakterli saman tikililəri ilə, çox bəsit əkinçilik alətləri və əl ilə hazırlanmış primitiv gil qablarla səciyyələnir. Qaraköpəktəpə abidəsinin bu mədəni qatında daş, sümük və buynuzdan hazırlanmış kərki və oraqlar, xarakterik xüsusiyyətlərə malik olan qablar aşkar edilmişdir. Tünc emalının başlandığı və Azərbaycan ərazisində ilkin tünc mədəniyyətinin yayılması dövründə, er.əv. IV-III minilliklərdə bu arxeoloji abıdənin yamacı və ətəklərində dairəvi və düzbucaq şəkilli yaşayış və məişət-təsərrüfat xarakterli tikililər inşa edilmişdir. Bunlar onu təsdiqləyir ki, həmin zamanlar Qaraköpəktəpə iri yaşayış və sənətkarlıq mərkəzi olmuşdur. Burada qədim sənətkarlıq növləri olan metalişləmə, dulusçuluq, toxuçuluq və d. inkişaf etmişdir. Maraqlıdır ki, bu dövrə aid edilən mədəni qatın qalınlığı 7 m təşkil edir. Bu da həmin ərəfədə abidə ərazisində çox intensiv həyat fəaliyyətinin mövcud olduğunu sübut edir. Arxeoloji qazıntılar nəticəsində abidədən yüksək keyfiyyətli cilalı saxsı qablar, xırda plastika nümunələri və müxtəlif ocaq altlıqları aşkar olunmuşdur. Qaraköpəktəpə abidəsinin sözü gedən qatından çox nadir və dəyərli tapıntılar əldə edilmişdir. Belələrinə meteorit daşından hazırlanmış nizə ucları, tünc balta üçün gil qəlib, semantik xarakterli zəngin dekora malik saxsı qablar aiddir. Abidədə aparılan arxeoloji qazıntılar zamanı tünc dövrünün digər mərhələlərinə aid material və məmulat aşkar olunmuşdur. Bu dövrün üst qatlarında aparılmış qazantılar nəticəsində orta tünca aid əzəmətli müdafiə divarının qalıqları üzə çıxarılmışdır. Bu qatda tapılan müxtəlif saxsı məmulatı, bəzək və digər əşyalar eyni dövrü əhatə edir. Əldə olunan əyani material yerli əhalinin ön Asiya ilə mədəni və ticarət əlaqələrinin inkişaf etdirliməsini təsdiqləyir. Onu da qeyd etmək görəkdir ki, Qaraköpəktəpə yaxınlığındakı ərazidə buranın qədim sakinlərinə aid böyük dəfn sahəsi aşkar olunmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı tünc və ilkin dəmir dövrlərini əhatə edən maraqlı tapıntılar əldə edilmişdir. Qaraköpəktəpədəki mədəni və təsərrüfat fəaliyyəti sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, ilkin orta əsrlərdə burada Böyük İpək Yolu üstündə ucalan çox önəmli bir keşikçi qalası mövcüd idi. Ərazi bütövlüklə daş tikililərlə örtülmüşdür. Burada aşkar olunan arxeoloji material belə bir fikir yürütməyə əsas verir ki, orta əsrlərdə Qaraköpəktəpə regionun həyatında önəmli rol oynayan mühüm ticarət-sənətkarlıq mahiyyətli yaşayış məntəqəsi olmuşdur KƏLBƏCƏR RAYONUNDA QƏDİM QAYAÜSTÜ TƏSVİRLƏR Dağlıq Kəlbəcər rayonunda, Tərtər çayının yuxarı axarındakı ərazidə aşkar olunan qayaüstü təsvirlərin öyrənilməsi1976 ildən başlamışdır. Azərbaycanın bu rayonu dördüncü dövrü təşkil edən lava qalıqları üzərində formalaşıb. Onların üst qatı alp və subalp çəmənlikləri ilə və, həmçinin, küləyin təsiri altında vulkanik süxurların ovulması nəticəsində yaranmış çınqıllıqlarla örtülmüşdür. Bu cür mənşəli daş və qayalar üzərində qədim təsvirlər aşkar edilmişdir. Belə təsvirlərə əsasən üç yerdə Zəlxə və Ala göllərinin sahillərində və Taxta ərazisində rast gəlinir. Hər üç yerdə müxtəlif mövzulu çoxlu sayda qayaüstü təsvirləri vardır. Onların əksəriyyəti Alagöl hövzəsində 3000 m hündürlüyündə yerləşir. Burada 700 artıq rəsm aşkar olunmuşdur. Onlar həmin ərazinin qədim sakinlərinin təsərrüfat məişət fəaliyyətini əks etdirən müxtəlif təsvirlərdən ibarətdir. Eyni zamanda burada çoxlu sayda bəbir, maral, sığır, keçi, canavar və digər vəhşi heyvanların rəsmləri həkk edilmişdir. Buradakı ayin məzmunlu rəqslər, maral ovu, malalanma süjetli təsvirlər və öküzlər qoşulmuş çarxli araba şəkilləri xüsusilə diqqətəlayiqdir. Bu təsvirlər bir qayda olaraq daş alətlər vasitəsilə icra olunaraq xətt mahiyyətli rəsmlər əsasında icra olunmuşdular. Eyni zamanda insan və bəzi heyvan ilk növbədə bəbir təsvirləri siluet xarakterlidir. Kəlbəcər rayonunun qayaüstü rəsmlərinin icra üslubundakı müəyyən xüsusiyyətlər onları tünc dövrünə er. əv. III-II minilliklərlə aid etməyə imkan verir.

Комментариев нет:

Отправить комментарий