среда, 15 февраля 2012 г.
Gülüstan Sarayı [Haqqında]
Gülüstan Sarayı 1979-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük dövlət mərasimlərinin keçirilməsi üçün tikilmişdir.
Sarayın inşası 1980 – cil ilin əvvəllərində
tamamlanmış və aprel ayında təntənəli açılış keçirilmişdir.Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu bina Azərbaycan SSR-in əməkdar memarı H. M. Hacıbəyovun, memar A. Y. Əmirxanovun, konstruktorlar K. A. Kərimovun və N. İ. İsmayılovun lahihəsi üzrə inşa edilmişdir. Bu binanın inşaatına görə müəlliflər 1982 – ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşlər. Kompozisiyasının simmetrikliyi, binanın memarlıq planlaşdırma strukturunun hədsiz dəqiqliyi və sadəliyi buraya gələnlərə sarayın salonlarına tez bələd olmağa imkan verir. Birinci mərtəbədə müxtəlif barlar (bunlardan biri musiqili teatr tamaşalarının keçirilməsi üçün nəzərdə tutulub və bu məqsədlə burda xidmət otaqları olan kiçik bir səhnə də qurulmuşdur), stolüstü oyunlar üçün otaqlar, 120 yerlik kino zalı, uşaq kafesi, geniş çeşidli milli məmulatlar satılan hədiyyələr mağazaları yerləşir.Saraya gələnlər birinci mərtəbədən açıq pillələrlə avanzalların foyelərinə qalxırlar. Bunlar böyük, işıqlı və geniş, ikirəngli düzbucaqlı 1000 nəfərlik yemək salonunun cinahlarıdır. Bu salon təkcə şəhər deyil, həm də ölkə və dünya miqyasında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə salonda antresol mərtəbələrdə yerləşən xidmət otaqları ilə plandus vasitəsiylə əlaqələndirilən orijinal səhnə qurulmuşdur.
Böyük salondan əlavə avanzalların foyelərindən ikimərtəbəli rahat kiçik ziyafət salonuna və “Şərq Mətbəxi” restoranına keçmək olar. Bunlardan hər biri 150 nəfər üçün nəzərdə tutulmuşdur.Həcm-məkan kompozisiyasının həllində müəlliflər sarayın uzaq mənzərəli nöqtələrdən qavranılmasını nəzərə almışlar. Buna görə də binanın əsas kompozisiya elementi geniş açıq eyvanların fasadların maili səthi boyunca uzanan aydın çəkilmiş orijinal çatma sıratağlardır. Eyvanlar birinci mərtəbənin şaquli divarları üzərində konsolvari əyilərək onları kölgələndirir. Gəminin göyərtəsini xatırladan bu eyvanlardan mavi Xəzərə gözəl mənzərə açılır. Sıratağ sal dəmir betondan düzəldilmişdir. Tağların ahəngi fasad səthlərinin yuxarı hissəsini kəsən kölgəli üfüqi xəttlə birləşir. Azərbaycan milli memarlığı üçün ənənəvi olan eyvan motivindən fasadın əsas komozisiya elementi kimi yaradıcılıqla istifadə edən müəlliflər binanın təsirliyinə, işıq və kölgə effektinə nail olmuşlar. Saray əsasən dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur.Sarayın eksteryer və interyerinin formalaşdırılmasında müasir bəzək materiallarından istifadə edilmişdir. Birinci mərtəbənin travertinlə üzlənmiş fasadından başqa, eyvanların fasad səthləri davamlı Vilnüs suvağı ilə işlənmişdir. Bunun sayəsində bina dağın yaşıl yamacı fonunda yaxşı görünür. Bəzək işləri ADR və Yuqoslaviya mütəxəssislərinin iştirakı ilə aparılmışdır.Vestibülün sütunları travertinlə üzlənmiş, otaqların divarları qiymətli oduncaq növləri, eyvanların döşəmələri isə süni qranitlə işlənmişdir. Vestibülün döşəməsi mərmərdəndir, qalan otaqların döşəmələri isə parketlə örtülmüşdür. İnteryerin həllində Azərbaycan memarlığının və dekorativ tətbiqi sənətinin motivlərindən istifadə olunmuşdur. Böyük yemək salonunda dəlinmiş alüminium tavalardan asma tavan layihələndirilmişdir. Layihəçilərin böyük bədii taktla həll etdikləri elektrik işığı interyeri daha da zənginləşdirir.Bu günə qədər sarayda bir sıra dövlət tədbirləri keçirilmişdir.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий