среда, 15 февраля 2012 г.
Bakının qədim və tanınmış binaları
Səadət sarayı
Bakının mərkəzində, Murtuza Muxtarov və
Əhməd Cavad küçələrinin kəsişməsində bir bina var. Bakılılar arasında "Səadət sarayı" kimi tanınan bu binanın yaranma tarixçəsinin əsasında da elə məhəbbət əhvalatı durur.
Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez - tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venetsiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" - deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir.
Bakıya qayıtdıqdan sonra milyonçu Venetsiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912 - ci ildə binanın tikintisi başa çatır.
Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi - hüdudu olmur.
Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray az qala bir əsrdir ki, bakılıları və paytaxtın qonaqlarını valeh etməkdədir.
"İsmailiyyə"
Bir gün Zeynalabdin
Tağıyev Bakı milyonçusu Musa Nağıyevdən soruşur:
- Ağa Musa, Allah rəhmət eləsin oğlun Ağa İsmayıla. Onun xatirəsini əbədləşdirmək istəyirsən?
- Əlbəttə, istəyirəm.
- Odur, mənim açdığım qız məktəbinin alt tərəfi boşdur. Orada bir mülk tikdir, adını qoyaq "İsmailiyyə". Heç olmasa, yazığın adı yaddan çıxmasın. İstəyirsən, Ağa Musa?
- Əlbəttə, istəyirəm.
Söhbəti eşidənlər Ağa Musanı təbrik edir, ona uğur diləyirlər.
Səhəri Ağa Musa başılovlu gəlir Tağıyevin evinə, başlayır giley - güzara:
- Ay Hacı, bu nə işdir sən mənim başıma gətirdin?! Məni müflis edib, küçələrə salmaq istəyirsən!?
- Nə olub, ay kişi? Açıq danış.
- Atam, atam, daha nə olacaq, o bina bir neçə yüz min manata başa gələcək! Məndə o qədər pul hardan?
- Ağa Musa, varidatına 2 milyon verirəm. Sat, alım.
- Atam, atam, mənim 50 milyon manatlıq varidatımı 2 milyona almaq istəyirsən!? - deyə hirslənir və Hacının evini tərk edir.
İsmailiyyə binası tikildi. Bu gün İstiqlaliyyət Küçəsində yerləşən Elmlər Akademiyasının binasına bir çox bakılılar köhnə adı ilə "İsmailiyyə" deyirlər. Milyonçu Musa Nağıyevin erkən vəfat etmiş oğlu İsmayıl xalqımızın yaddaşında məhz bu binaya görə qalıb.
Opera Teatrı
1910 - cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə
nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası çün Qubernski - Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri - mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.
Beləliklə, cəmi on ay ərzində - 1910 - 1911 - ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920 - ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928 - ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий