воскресенье, 19 февраля 2012 г.
Azərbaycan mifologiyası
Azərbaycan mifologiyası - Azərbaycan xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir. Azərbaycan mifologiyası əhatəli siyasi-ictimai fəaliyyət dairəsində hələ də sirli qalır və folklorşünaslıq baxımdan hərtərəfli araşdırılmamışdır.
Ənənəvi mədəniyyətin arxaik elementləri folklorşünaslığın bir sıra nəzəri problemlərinin, xüsusilə genezislə bağlı məsələlərin həllində əsas mənbədir. İbtidai inancların təhlili mifoloji görüşlərin, eləcə də digər ilkin düşüncə formalarının tarixini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Mif, ritual, adət-ənənələr və inanclardan doğan mərasim nəğmələri müxtəlifyönlü etnik prosesləri tənzimləməklə yanaşı xalqın özünü müəyyənləşdirib tarixi proseslərdə yer tutmasında xüsusiləşdiricilik funksiyasını yerinə yetirir.Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə gələni isə mifoloji düşüncədir. Bu sıraya mərasimlər, bayramlar, adətlər – mədəni irsin başqa arxaik atributları da daxildir. Lakin dünyanı dərketmədə əldə olunan ilkin nəticələr köklə – çox dərin qatlarla bağlandığından əsas meyar rolunu miflər daşıyır. Başqa sözlə, bəzi oxşarlıq, yaxınlıq və səsləşmələr nəzərə çarpsa da, dünya xalqlarının hər birinin mifologiyadan keçən özünəməxsus mədəniyyəti, folklor ənənəsi, dünyaanlamı vardır. Orada duyulanlara və baş verənlərə hər millətin öz mifoloji baxışı mövcuddur. Və Azərbaycan türklərinin mənəvi simasının formalaşmasında ən mühüm vəzifə mifoloji düşüncənin kortəbii şəkildə yaranan məhsullarının üzərinə düşmüşdür. İbtidai inancların qalıqları mif və rituallar vasitəsi ilə folklorun epik, lirik janrlarına keçmiş, eləcə də onlar oyun-tamaşaların, mərasim nəğmələrinin özəyini təşkil etmişdir. Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin kompleks şəkildə əksinə də mifologiyanın daşıyıcılarında (yaradıcılar - tanrılar, dünyanın, təbiət hadisələrinin yaranması, canlı-cansız varlıqların bir-biri ilə qarşılıqlı münasibətləri və əlaqələri haqqındakı təsəvvürlərdə, kultlarda, magikliklə yoğrulan, sakrallaşdırılan cisimlərdə) rastlaşırıq.Mifin (yaxud mifik zamanın) qurtardığı, bitdiyi yerdən tarix başlayır. Lakin mifoloji görüşlərsiz heç bir xalqın qədim tarixi və mədəniyyəti yoxdur. Ona görə ki, arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır. Azərbaycan dünyanın ilkin insan məsəkənlərindən biridir. Etnoqraflar bildirirlər ki, «Yer üzündə yazılı mənbələrin tarixi 5 min ildən çox deyil, lakin Azərbaycanda yaşayan ən qədim əhalinin tarixi 2 milyon ilə qədərdir». Məhz ülü əcdadın kökünü həmin uzun zaman ərzində yaranan mifologiyasının izləri ilə üzə çıxarmaq mümkündür.Azıx mağarasında və Qobustan qayaüstü «rəsm qalareyası»nda daş dövrünün, Şəki, Naxçıvan, Qazax, Mingəçevir, Qəbələ, İsmayıllı və digər bölgələrdə aparılan arxeoloji qazıntılarla tapılan əşyaların arasında, açılan kurqanlarda tunc, mis və erkən dəmir mərhələsinin yaşayış tərzinə, adət-ənənələrinə, mərasim (xüsusilə dəfn) və bayramlarına aid maddi və mədəni dəlillərə rast gəlirik. Müxtəlif rituallarda istifadə olunan məişət əşyaları, simvolik quruluşlu qablar, ov məhsulları, geyimlər, bəzək şeyləri, silahlar və s. tarixi keçmişin elə tutarlı qalıqlarıdır ki, xalqın eyni məkanda keçdiyi uzun yolda dünəni ilə bu günü arasında körpü funksiyasını yerinə yetirir. Ulu əcdadın üç-dörd min il əvvəllərə aid kəllə skletinin antropoloji cəhətdən müasir Azərbaycanın əsas əhalisinin baş sümüyü ilə eyniyyət təşkil etməsi və qədim etnoqrafik elementlərin hal-hazıradək ucqar kənd camaatının məişətində olduğu şəkildə təkrarlanması, əksər qədim inancların, adətlərin müasirləri ilə üst-üstə düşməsi onu deməyə haqq qazandırır ki, bu diyarın sakinləri çox əski çağlardan Qafqaz dağlarının ətəklərini, Kür və Araz çaylarının sahillərini özlərinə yurd yeri seçmiş, qonşu etnoslarla tarixi-mədəni əlaqələr zamanı onlarla qaynayıb-qarışsa da, öz kökünə aid ümdə xüsusiyyətləri miflərində, ritual və inanclarında, adət-ənənələrində qoruyub saxlamışdır.Azərbaycan türklərinin lap qədimlərdən indi yaşadıqları ərazilərdə məskunlaşdıqlarını əsaslandıran amillərdən biri də tarixin müxtəlif mərhələlərinə aid dünyagörüşlərinin izlərinin, mifik düşüncənin məhsullarının, arxaik ritualların, adət-ənənələrin inkişafın sonrakı dövrlərində formalaşan mədəniyyət formalarının içərisində əridilməsidir. Azərbaycan miflərinin bərpası, sistemləşdirilməsi, dünyagörüşləri sırasında yeri və rolu, rituallarla sintezdə olub şifahi epik ənənənənin yaranmasına və inkişafına təsirinin öyrənilməsi bu mənada aktual məsələlərdən biridir.Mif dünyanın işarələrlə, sakral obrazlarla dərkidir. Təbiidir ki, dilin yaranması prosesində insanların bir-biriləri ilə, təbiətlə əlaqələri siqnallar və işarələr vasitəsi ilə qurulmuşdur. Belə bir qənaət irəli sürürlər ki, «beyin strukturlarının evolyusiyası nitqlə bağlı meydana gəlmiş, hominid əcdadın jestlərlə ünsiyyəti və ayrı-ayrı səsləri anlamaları ilə dil formalaşmağa başlamışdır» [318, 93]. Müxtəlif səslər rabitə yaratmağa xidmət etməklə birləşib sözləri yaratdığı kimi kortəbii mifoloji obrazlar şəklinə düşən təbiət hadisələri və dünyanın ayrı-ayrı atributları da üç funksiyanın (doğulma, yaşama, məhvolma; məs.: külək doğulur, fəaliyyət göstərir və yoxa çıxır; yağış yağır, yer üzünü nəmləndirir, torpaq suyu özünə çəkməklə yox olur) daşıyıcısına çevrilməklə durğunluqdan çıxıb inkişafın təməl daşlarını qoymuşdur. Deməli, hər bir xalqın tarixinin və mədəniyyətinin ərəfəsi, həmçinin ilkin başlanğıcı onun mifologiyası ilə təsdiqlənir. Toplum halında yaşayan insanların ibtidai əmək prosesinin, məişət tərzinin, peşələrə (ovçuluq, maldarlıq, əkinçilik, toxuculuq və. b) yiyələnmələrinin də əsas istiqamətverici gücü mifik düşüncə ilə bağlanır. Onların ritualları, bayramları da miflərlə tənzimlənir, inam və etiqadlarının da mayasında mifoloji görüşlər dayanırdı. Bu səbəblərdən Azərbaycan xalqının mifologiyasının genezisinin sistemli şəkildə araşdırılması mədəniyyət tarixinin ən qaranlıq səhifələrinin aydınlaşdırılmasına yardım göstərə bilər. Qafqazda yaşayan qədim türklərin ibtidai dünyagörüşünün, inanclarının, mifoloji dərk etməsinin yazılı və şifahi mənbələrinin saf-çürük edilməsi bir neçə səbəbdən böyük əhəmiyyətə malikdir: ilk növbədə, bu, onların əzəldən Qafqazda doğulub məskunlaşmalarının tarixi-mədəni hadisə olduğunu əsaslandırır. İkincisi, təkcə bu prosesin xarakterini müəyyənləşdirmir, həm də etnik birləşmələrin başa çatmasını tənzimləyir, sonrakı inkişafa ciddi təsir göstərir. Eləcə də Şərq xalqlarının inancları, dini ənənənləri, milli kaloriti ilə qarşılıqlı bağlaşmaların aspektləri ardıcıllıqla nəzərdən keçirilir.Miflər – arxetipik, universal, fövqəltəbii obrazlar silsiləsidir və qədim xalqlardan biri kimi Azərbaycan türklərinin ilkin dünyagörüşünün məhsuludur. Bəzən konkret obraz, xüsusi ad şəklində yaddaşlarda yaşasa da, hər biri müəyyən varlığın yaranması, fəaliyyəti və məhvindən bəhs açan primitiv əhvalatın daşıyıcısıdır. Daha çox əski çağlara aid yazılı abidələrdə, nağıl, epos və şifahi epik ənənənin başqa formalarında, rituallarda, inam və etiqadlarda mifik düşüncənin qalıqlarına rast gəlirik – bütün bunlar tədqiqatın obyektini təşkil edir.Ulu əcdadın dünyanın yaranması haqqında təsəvvürləri, kortəbii şəkildə meydana gələn mifoloji obrazlar, kainatın mifik sistemi və modelləri, əfsanə, arxaik nağıl, epos mətnlərinin içərisində əridilən mifik süjetlər tədqiqatın predmetidir. Bu nümunələrin bir qismi qədim yazılı və maddi abidələrdə (Qobustan qaya rəsmləri, «Avesta», daş kitabələr, arxeoloji qazıntılar zamanı müxtəlif kurqanlardan tapılan məişət əşyaları və s.) özünə yer almış, digər qismi isə şifahi şəkildə yaddaşlarda yaşadılaraq zəmanəmizə qədər gəlib çıxmışdır. Mif mətnləri klassik yazıçılarımızın əsərlərinin də qaynaqlarından biri olmuşdur, eləcə də xalq mərasimləri, adət-ənənələr, oyun və tamaşalar, inaclarda dərin izlər buraxmışdır. Epik ənənədə Azərbaycan türklərinin əski miflərinin əsas daşıyıcısı «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Əsli və Kərəm» kimi eposlar və arxaik nağıllardır olmuşdur.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий