среда, 15 февраля 2012 г.
Neftimizin tarixi
Neft (qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) - əsasən karbohidrogenlərin və qismən digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir.
Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (aşağı çəkili) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, sikloalkanlar və müxtəkif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen və kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. Yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında tətbiq edilir.Buna görə də, o həm də "Qara qızıl" adlanır.
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin 1,2-2 km-dən 5-6 km-ə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1-3 km təşkil edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanır.
Əgər neft yerin üst qatına yaxın yerləşirsə onda o sadə üsulla əldə edilə bilər. Dərinlikdə yerləşən laylara çatmaq üçün isə quyu qazılir və oraya zondlar salınır. Dənizdə nefti çıxarmaq üçün xüsusi qazma plarformaların tətbiqi lazım gəlir. Yer təkini qazmaq üçün qazma baltalardan istifadə edilir. Bu alət uzun, bir-birinə bağlanmış ştanqalardan ibarətdır. Uzun ştanqanın uc hissəsində kəsici başlıq balta bərkidilir. Əksər hallarda başlıq bir-brinə nisbətən bucaq altında yerləşmiş 3 dişli konus formalı diyircəkdən ibarətdir. Belə baltalar nisbətən yumşaq süxurların keçilməsi üçün tətbiq edilir. Başqa konstruksiyalarda hərəkətli hissələr olmur. Onların kəsici hissəsi almaz, kəsici keramika və ya bərk xəlitədən hazırlanır. Burğu başlıqlarını dəyişmək üçün bütün ştanqa deşilmiş borudan xaricə çıxarılmalıdır. İfrat hallarda belə başlıqların davamlığı cəmi bir neçə saat ola bilər. Alətin dəyişilməsinin başqa səbəbi onun kəskilərinin iş zamanı sınması ola bilər. Belə olan halda əvvəlcə çalışırlar ki, ştanqın daxili deşiyindən tutqac sallamaqla sınmış hissəni xaric etsinlər. Burğu ştanqası alətlə birlikdə elektrik mühərriki vasitəsilə dəqiqədə 100 dövr sürətlə saat əqrəbi istiqamətində fırladılır. Ştanqanın deşiyin divarları ilə sürtünməsinin qarşısını almaq üçün o başlıqdan kiçik ölçüdə hazırlanır və polad boru ilə örtülür. Deşmə zamanı yaran istiliyi xaric etmək üçün xüsusi mayelərdən istifadə edirlər. Maye açılmış deşikdən aşağı preslənir, beləki, o kəsici başlığından keçərək onun içərisinə daxil olur və ştanqanın daxili deşiyi ilə yuxarıya hərəkət edir. Mayeni alətin xarici və daxili hissəsi ilə hərkətini təmin etmək üçün o yüksək özülülüyə malik olmalıdır. Bu maye sudan, polimerdən və müəyyən qədər təbaşir məhlulundan ibarət olur.
Burğulama başlığını hərəkət etdirmək üçün quyunu üzərində qüllə tikirlər. Bu qüllədə burğulama sistemi yerləşdirilir. Müəyyən hallarda yeraltı yataqlar həm də yandan qazıla bilir. Buna yaradılmış müasir texnika və texnologiya imkan verir.
Adətən neft yataqlarda süxurların təzyiqi, yataqda olan fluidlərin və qazma zamanı quyuya vurulan maye tərəfindən yaradılan təzyiq altında yerləşir. Quyu ilk nefti-qazlı layı keçdikdə neft və ya qaz axını burğu ştanqasının yuxarı hissəsində yerləşdirilmiş xüsusi qurğunun köməyi ilə dayandırılır. Sonrakı qazmalarda neft adətən öz təzyiqi ilə xaric olunur. Neftin miqdarı azaldıqca quyuda da təzyiq aşağı düşür. Bu zaman nasoslardan istifadə edilir. Bu nasoslar mancanaqlar vasitəsilə hərəkətə gətirilir.
Azərbaycanda neftin tarixinə dair
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı ıEvliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə
XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır. Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
• I mərhələ: 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir.1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln ton . neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.
• II mərhələ: 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir.1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
• III mərhələ: 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
• IV mərhələ: 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. 1970-80-ci illərdə neft sənayesində tətbiq ediləcək tenikanın inkişafı sayəsində dənizdən neft çıxarma prosesi genişlənir.1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
• V mərhələ: SSRİ dağıldıqdan sonra Azərbaycanda neft hasilatı sahəsi yeni mərhələyə qədəm qoyur. Respublikada baş verən gərgin ictimai-siyasi proseslər ərəfəsində hökümət bir çox xaric investrorların Azırbaycana cəlb eilməsinə nail olur. 1994-cü il sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Hal-hazırda bu müqaviləyə əsasən çalışan müəssisəslərlə bilrikdə əldə edilən neftin hesabına Azırbaycan bir dövlət kimi dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий